Dünya
"Windows" əməliyyat sistemli ucuz kompüterlərin əsas zəif nöqtəsi açıqlandı
"PCWorld" jurnalistləri "Windows" əməliyyat sistemli ucuz kompüterlərin əsas probleminin məhdud operativ yaddaş (RAM) olduğunu müəyyən ediblər. Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə yeni araşdırma dərc olunub. Media orqanının əməkdaşları "Computex" sərgisində yüksək qiymətləndirilən "Dell XPS 13" modelini təhlil ediblər. Yüksəkkeyfiyyətli "OLED" ekran və arxa işıqlı klaviatura ilə təchiz olunmasına baxmayaraq, cihazın qiymətini aşağı salmaq üçün ona cəmi 8 GB RAM quraşdırılıb. "PCWorld" mütəxəssisləri bu komponenti cihazın ən zəif nöqtəsi kimi qiymətləndiriblər. Müəlliflərin fikrincə, "Dell" şirkəti "MacBook" modelləri ilə rəqabət aparmaq üçün 699 dollara (təxminən 1 190 manat) başa gələn daha əlçatan model təqdim edib. Lakin mütəxəssislər bildirirlər ki, "Windows" əməliyyat sisteminin tamdəyərli işləməsi üçün 8 GB RAM kifayət deyil. Müqayisə üçün qeyd edək ki, "Apple" öz "macOS" sistemini optimallaşdırdığı üçün 8 GB yaddaşla stabil işləyə bilir. Redaktor Bred Çakos qeyd edib ki, "Windows 11"in RAM idarəetməsi "macOS" ilə müqayisədə çox zəifdir. O hesab edir ki, "Microsoft" təcili şəkildə əməliyyat sistemini optimallaşdırmalıdır, əks təqdirdə, az həcmli yaddaşa malik ucuz kompüterlərin istehsalı mənasız olacaq.
Mənbə
oxu.az