Dünya
Hər evdə olan gizli təhlükə: Adi tozsoran sağlamlığa necə zərər verə bilər?
Tozsoran evi təmiz saxlamağa kömək etsə də, düzgün saxlanılmadıqda özü də sağlamlıq problemlərinin mənbəyinə çevrilə bilər. Oxu.Az "Abzats" nəşrinə istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Mariyat Muxina xəbərdarlıq edib. Həkim həddindən artıq dolu olan toz torbalarının hansı təhlükələri daşıdığını izah edib. "Dolu və təmizlənməmiş tozsoran torbalarında toz hissəcikləri, müxtəlif bakteriyalar, kif göbələkləri, mikromisetlər, dəri gənələri, eləcə də bakterial və göbələk mənşəli toksinlər toplanır", - deyə Mariyat Muxina vurğulayıb. Bu patogenlər tənəffüs yollarında, qırtlaqda və bronxlarda həm yerli, həm də sistemli xəstəliklərə səbəb ola bilər. Əsas təhlükə ondan ibarətdir ki, tozsoran işlədiyi zaman həmin mikroorqanizmlər və allergenlər yenidən havaya sovrula bilər. Bundan əlavə, çirklənmiş torbanın tərkibi ilə təmas dəri reaksiyalarına yol aça bilər. Mütəxəssis qeyd edib ki, tozsoranı təmizləyərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. Dolu torbanı açarkən toz və patogenlər incə hissəciklər və aerozollar şəklində otağa yayılır. Bu vəziyyət xüsusilə uşaqlar, yaşlılar, həmçinin allergiyası və ya tənəffüs sistemi xəstəlikləri olan insanlar üçün ciddi risk yaradır.
Mənbə
oxu.az