Dünya
Çində qəribə hadisə: 34-cü mərtəbədən mənzil alan şəxs aldadıldı
Çinin Şensi əyalətinin sakini, soyadı Şen olan şəxs bir neçə ildir ki, yeni tikilidə aldığı mənzilə sahib olmağa çalışır. Oxu.Az "South China Morning Post"a istinadən xəbər verir ki, qalmaqallı hadisənin kökündə mənzilin yerləşdiyi mərtəbənin əslində mövcud olmaması dayanır. 2013-cü ildə həmin şəxs Sian şəhəri yaxınlığında tikilməkdə olan binanın 34-cü mərtəbəsində 90 kvadratmetrlik mənzil alıb. Şen 117 700 yuan (təxminən 28 000 manat) ilkin ödəniş edib və tikinti şirkəti mənzili 2015-ci ildə təhvil verəcəyinə söz verib. Tikinti işləri yubanıb və şirkət binanın hazır olduğunu yalnız 2017-ci ildə elan edib. Şen açarları təhvil almağa gedərkən məlum olub ki, binanın cəmi 32 mərtəbəsi var. Tikinti şirkəti əvvəlcə alıcıya başqa bir mərtəbədə mənzil təklif edib, lakin bir neçə ay sonra bu variantın da mümkün olmadığını bildirib. Nəticədə, kişi ödədiyi vəsaiti geri qaytarmağı tələb edib. Şirkət pulun yalnız bir hissəsini ödəyib, daha sonra isə alıcı ilə əlaqəni kəsib. Məhkəmə alıcının haqlı olduğuna dair qərar çıxararaq şirkətin qalan məbləği də geri qaytarmasını tələb edib.
Mənbə
oxu.az