Cəmiyyət
Almaniyalı professor azərbaycanlı mühəndislərlə əməkdaşlığın inkişafı üçün vacib platformanı açıqlayıb
"Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu alman və azərbaycanlı mühəndislər arasında təcrübə mübadiləsi və əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platformadır". Oxu.Az xəbər verir ki, "Report"un Avropa bürosunun məlumata görə, bunu azərbaycanlı jurnalistlərə Fraunhofer İnstitutunun süni intellekt və maşın öyrənməsi üzrə tədqiqat qrupunun rəhbəri, eləcə də Brandenburq Texniki Universitetinin professoru Konstanse Çope bildirib. K.Çope Hamburqda Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunun işində iştirak edib. Onun sözlərinə görə, bu cür tədbirlərdə iştirak beynəlxalq əməkdaşlığın inkişafına kömək edir və mütəxəssislərə biliklərini və qabaqcıl təcrübələrini bölüşməyə imkan verir: "Mən artıq keçən il Kölndə bu forumda iştirak etmək şərəfinə nail olmuşam və azərbaycanlı mühəndislərlə ünsiyyət qurmaq imkanını çox dəyərli hesab edirəm". K.Çope əlavə edib ki, onun tədqiqat qrupunda ölkənin mühəndislər icması ilə çoxsaylı peşəkar əlaqələr saxlayan azərbaycanlı mütəxəssis işləyir. Professor həmçinin əminliyini ifadə edib ki, azərbaycanlı mühəndislər əldə etdikləri bilikləri öz ölkələrində uğurla tətbiq edə biləcəklər. Onun sözlərinə görə, bu texnologiyalar olmadan həmçinin süni intellekt texnologiyalarına əsaslanan "rəqəmsal əkizlər" ("digital twins") kimi alətlərin səmərəli tətbiqi mümkün deyil. Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunda professor "Ağıllı şəhər"lərin yaradılmasında və şəhərsalmada Avropa təcrübəsi" mövzusunda panel müzakirəsi çərçivəsində öz komandasının hazırladığı layihələrə dair təqdimatla çıxış edib.
Mənbə
oxu.az