Atlantik okeanda ciddi dəyişiklik: Avropaya necə təsir edir?
Atlantik okeanındakı cərəyanlar sistemi qlobal istiləşmə səbəbindən zəifləməkdə davam edir. Bu proses dünyanın müxtəlif bölgələrində yeni iqlim fəlakətlərinə, o cümlədən bəzi ərazilərdə quraqlıqlara, digərlərində isə dəniz səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu barədə “Discover Wildlife” portalı yazıb.
Bildirilir ki, Atlantik meridional çevrilmə dövranı (AMOC) tropik enliklərdən Atlantik okeanının şimalına isti su daşıyan cərəyanlar sistemidir:
“Burada su soyuyur, duzluluğu və sıxlığı artır, okeanın dərin qatlarına enir və yenidən cənuba doğru hərəkət edir. Bu proses okeanda istiliyin paylanmasına və iqlimin formalaşmasına təsir göstərir.
Məhz bu dövran sayəsində Avropada qışlar mümkün ola biləcək səviyyə ilə müqayisədə nisbətən mülayim keçir. Lakin okean temperaturunun dəyişməsi, yağıntıların artması və dəniz buzlarının sürətlə əriməsi okeana əlavə şirin suyun daxil olmasına səbəb olur. Nəticədə okean suyu daha az sıxlaşır və dərinliyə daha yavaş enir. Bu isə cərəyanlar sisteminin zəifləməsinə gətirib çıxarır.
İqlim modelləri istixana qazlarının konsentrasiyası artdıqca XXI əsr ərzində AMOC sisteminin zəifləyəcəyini proqnozlaşdırır.
Cərəyanların yavaşlaması okeanın atmosferdən karbon qazını udmaq qabiliyyətini də azalda bilər. Böyük Britaniyanın Milli Okeanoqrafiya Mərkəzinin qeyd etdiyi kimi, bu, atmosferdə daha çox istixana qazının qalmasına və iqlim dəyişikliyinin sürətlənməsinə səbəb olur.
Bununla belə, gələcək dəyişikliklərin dəqiq miqyası hələ də qeyri-müəyyəndir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, tədqiqatlar son yüz il ərzində AMOC sisteminin zəiflədiyini göstərir. Lakin alimlər bu sistemin zəifləməyə davam edib-etməyəcəyini və ya tamamilə dayanıb-dayanmayacağını hələ əminliklə deyə bilmirlər”.