Kriminal
İş vədi ilə vətəndaşları aldatmaqda ittiham olunan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən edilən daha bir şəxsin iyunun 4-də Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Belə ki, 2022-ci ildən etibarən bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə etməklə, qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Polad Murad oğlu Babayevin yeri BƏƏ-də müəyyən olunub və o, həbs edilib. Beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Polad Murad oğlu Babayev Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən BƏƏ-nin Dubay şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Mənbə
oxu.az