Siyasət
MM sədri: "Bərabərlik, inklüzivlik Azərbaycanın siyasi mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib"
Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak edib. Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Spiker Sahibə Qafarova "Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması" mövzusunda çıxışında Azərbaycanda bu gün gender bərabərliyi ilə bağlı mövcud təsəvvürlərin əslində çox əvvəllər formalaşmış milli ənənələrimizi əks etdirdiyini deyib: "Azərbaycan qadınları tarixən cəmiyyətin bərabərhüquqlu tərəfdaşları kimi qəbul olunub və onun inkişafına həlledici təsir göstəriblər. 1918-ci ildə müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikası yaradıldıqdan sonra Azərbaycan dünyada qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkələrdən biri, müsəlman Şərqində isə ilk ölkə olub. Bu tarixi qərar bir sıra Avropa ölkələrində qadınlara bərabər siyasi hüquqların tanınmasından daha əvvəl qəbul edilib. Bu isə həm də o deməkdir ki, lap əvvəldən etibarən bərabərlik, inklüzivlik və demokratik təmsilçilik prinsipləri Azərbaycanın siyasi mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Həmin gender bərabərliyi ənənələri Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra da ardıcıl şəkildə davam etdirilərək, dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məişət zorakılığı ilə mübarizə aparılması, ayrı-seçkiliyin aradan qaldırılması, qadınların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də onların səlahiyyətləndirilməsinin təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Prezidentin imzaladığı sərəncamlar, milli fəaliyyət planları və dövlət proqramları qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişlərə səbəb olan kompleks və hərtərəfli yanaşmanın formalaşdırılmasını təmin edib".
Mənbə
oxu.az
Oxşar Xəbərlər