Kriminal
Dələduzun Rusiyada "Tümen planı": 12 nəfərlik briqada adı ilə vətəndaşları necə aldatdılar?
Bakıda xaricdən avtomobil gətirmək və xaricə işçi göndərmək adı ilə vətəndaşlara qarşı dələduzluq edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən Cavid İsayev (ad-soyad şərtidir - red.) qonşuluq münasibətində olduğu şəxsin etibarından istifadə edərək ona münasib qiymətə "Mercedes-Benz GLE" markalı maşın gətirəcəyini vəd edib. Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayında avtomobil almaq istədiyini bildirib və bu məsələdə ondan kömək istəyib. Təqsirləndirilən şəxs isə 45-50 min manat aralığında bütün xərclər daxil olmaqla maşını gətirə biləcəyini deyərək, qarşı tərəfin etimadını qazanıb. Bundan sonra zərərçəkmiş müxtəlif vaxtlarda onun bank kartına 5 min, 2 min, 1 min və daha 1 min manat köçürüb. Sonrakı görüşlər zamanı isə 2 min və 1 250 manat məbləğində nağd pul verib. İttihama görə, bu yolla ümumilikdə 12 min 250 manat pul ələ keçirilib. Avtomobil isə gətirilməyib. Cinayət işində yer alan digər epizod Rusiyaya işçi göndərilməsi vədi ilə bağlı olub. İstintaqla müəyyənləşib ki, təqsirləndirilən şəxs tanışı ilə birlikdə bir nəfərə Rusiyanın Tümen şəhərində təmir-tikinti işlərində çalışmaq üçün 12 nəfərlik elektrik və santexnik briqadası təşkil edəcəklərini bildirib. Onlar işçilərə beh verilməsi adı ilə zərərçəkmişdən 3 min manat alıblar. Lakin sonradan vəd edilən işçilər göndərilməyib, alınan pul da geri qaytarılmayıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, avtomobil almaq istəyən qonşusundan pul aldığını təsdiqləsə də, ittihamda göstərilən məbləğin tam şəkildə alınmasını qəbul etməyib. Bildirib ki, aldığı vəsaiti şəxsi ehtiyaclarına xərclədiyi üçün vaxtında qaytara bilməyib. Rusiyaya işçi göndərilməsi ilə bağlı epizod üzrə isə 3 min manatdan yalnız 600 manat götürdüyünü deyib. Məhkəmə təqdim olunan sübutları araşdırdıqdan sonra təqsirləndirilən şəxsin dələduzluqda təqsirli olduğu qənaətinə gəlib. Hökmlə ona 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əvvəl başqa cinayət işi üzrə təyin edilmiş 4 illik həbs cəzası ilə hazırkı cəza qismən birləşdirilib və yekunda 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunub. Həbsdə saxlanıldığı müddət nəzərə alınaraq onun üzərində qəti olaraq 3 il 10 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Mənbə
oxu.az