Siyasət
İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: "Zati-aliləri. Ölkənizin Müstəqillik Günü münasibətilə Latviya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Latviya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirdiyimi bildirirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq suverenliyə, ərazi bütövlüyünə və qaydalara əsaslanan beynəlxalq nizama ortaq sadiqliyimiz əsasında daha da möhkəmlənəcək və inkişaf edəcək. Həmçinin 2026-cı il aprelin 21-23-də Azərbaycan Respublikasına rəsmi səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün əla imkan yaratdı. Xüsusilə praktiki əməkdaşlığın inkişafı, eləcə də cari regional və beynəlxalq məsələlər üzrə apardığımız açıq və konstruktiv müzakirələri yüksək qiymətləndirirəm. Səfərim çərçivəsində keçirilən Azərbaycan-Latviya Biznes Forumunda iştirakınıza görə də Sizə təşəkkür edirəm. Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Mənbə
oxu.az