Kriminal

Telefon mübahisəsi qətllə bitdi - Məhkum yenidən hakim qarşısında

01 Jun 2026, 17:32 1 baxış
Telefon mübahisəsi qətllə bitdi - Məhkum yenidən hakim qarşısında
Telefonunu qaytarmadığı üçün tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Rauf Sadıqovun barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Oxu.Az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə davam edən prosesdə şahid qismində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməkdaşı dindirilib. O bildirib ki, təqsirləndirilən şəxs müəssisədə nümunəvi məhkum olub: "Hadisə olan ərəfədə zəng edib dedi ki, müəssisəyə gələ bilməyəcək. Buna səbəb kimi yol pulunun olmamasını göstərdi". Rauf Sadıqov bildirib ki, məntəqədə olmadığı dövrdə çay satışı ilə məşğul olub. Məhkəmədə ifadəsi dinlənilən digər şahid Elsevər Cəfərov isə bildirib ki, cinayət hadisəsi onun yanında olub: "Raufla Ramin arasındakı mübahisə telefona görə oldu. Rauf taksidə ona verdiyi mobil telefonunu geri istədi. Ramin isə telefonun onda olmadığını dedi. Bundan sonra mübahisə daha da gərginləşdi. Bu zaman Rauf qəflətən bıçaqla ona zərbə endirdi". Növbəti məhkəmə iclası iyulun 27-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Xətai rayonu NZS qəsəbəsində baş verib. Belə ki, Rauf Sadıqov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 9 ay 9 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsi qərar qəbul edib. 25.12.2025-ci il saat 19:00-da icazə müddəti başa çatsa da cəzaçəkmə müəssisəsinə qayıtması üçün yolpulu olmamasını əsas gətirməklə 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə geri qayıtmayıb, azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən boyun qaçırıb. Bundan başqa o, tanışı Elsevər Cəfərovun dəvəti əsasında narkotik vasitə əldə ediləcəyindən məlumatsız olaraq Ramin Qarayevlə birlikdə taksi ilə metronun "Neftçilər" stansiyasının yaxınlığına gediblər. Elsevər Cəfərov və Ramin Qarayev tərəfindən narkotik vasitə olan heroin əldə edildikdən sonra geri qayıdarkən avtomobilin arxa oturacağında taksi ödənişini vermək məqsədilə pul sayarkən işıq salması üçün telefonunu Ramin Qarayevə verib. Təyinat nöqtəsinə çatıb avtomobildən düşdükdən bir müddət sonra mobil telefonunun Ramin Qarayevdə qalmasını xatırlayıb və cihazı ondan geri tələb edib. Lakin Ramin müxtəlif bəhanələr gətirməklə telefonu geri qaytarmayıb və tərəflər arasında mübahisə yaranıb. Rauf mətbəx bıçağı ilə Ramin Qarayevin döş qəfəsinə zərbələr endirib. Zərərçəkmiş aldığı xəsarətlərdən dünyasını dəyişib. Rauf Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 305-ci (azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma) maddəsi ilə ittiham irəli sürülüb. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər