Dünya
Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR
Avstriyada naməlum şəxslər tramplindən tullanma üzrə Olimpiya çempionu Tomas Morqenşternin anqarına daxil olaraq onun 600 000 avro (təxminən 1,1 milyon manat) dəyərində olan helikopterini oğurlayıblar. Oxu.Az bu barədə "BILD" nəşrinə istinadən xəbər verir. Bir qədər sonra helikopter Xorvatiya səmasında görünüb. Polis oğruları axtarır. Məlumata görə, "Robinson R44" helikopteri bazar ertəsinə keçən gecə yoxa çıxıb. Helikopter sonuncu dəfə sentyabrın 28-də saat 04:20-də (Bakı vaxtı ilə saat 06:20-də) Xorvatiyanın hava məkanında qeydə alınıb. Avstriyanın Lunqau bölgəsindəki anqar da, oğurlanmış helikopter də Tomas Morqenşternə məxsusdur. Avstriyalı idmançı helikopterdən öz şirkətinin fəaliyyəti çərçivəsində istifadə edərək digər xidmətlərlə yanaşı, ekskursiya, nəqliyyat və fotoçəkiliş uçuşları təklif edirdi. Avstriyalı idmançı üç dəfə Olimpiya qızıl medalı qazanıb, bir neçə dəfə dünya çempionu olub və iki dəfə Dünya Kubokunun ümumi hesabında qalib gəlib.
Mənbə
oxu.az