Dünya
İranda güclü partlayış səsləri: Strateji Qəşm adasında nə baş verir?
İranın cənubundakı Hörmüzqan əyalətində yerləşən strateji Qəşm adası yaxınlığında dəniz istiqamətindən güclü partlayış səsləri eşidilib. Oxu.Az xəbər verir ki, məlumatı İranın rəsmi dövlət xəbər agentliyi İRNA yayıb. Hadisə dəniz ərazisində qeydə alınıb. İlkin rəsmi məlumatlarda adanın ərazisinə hər hansı raket, mərmi və ya PUA zərbəsinin endirilmədiyi bildirilir. Yerli rəsmi mənbələr Qəşm adasının hər hansı birbaşa hücuma məruz qalmadığını, ərazidə dağıntı və ya tələfatın qeydə alınmadığını təsdiqləyiblər. Hadisənin regiondakı beynəlxalq su yollarının qaydalarını pozan gəmilərə qarşı dəniz qüvvələri tərəfindən açılan xəbərdarlıq atəşi ilə bağlı ola biləcəyi ehtimal edilir. Partlayışa bənzər analoji səslər təkcə Qəşm adasında deyil, həmçinin Hörmüzqan əyalətinin sahil xəttində yerləşən Minab və Sirik bölgələrində də eşidilib.
Mənbə
oxu.az