Kriminal
40 nəfərin xaricdə istirahət etmək arzusunu ürəyində qoyan şəxs məhkəmə zalında həbs olundu
Müxtəlif xarici ölkələrə turlar təşkil etmək adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən "Joy Tour" və "Joy Travel" MMC-nin təsisçiləri Rəşad İlyasov və Nərmin Fətullayevanın cinayət işinin növbəti məhkəmə iclası keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər barələrində həbs olmayan qətimkan tədbiri seçilmiş təqsirləndirilənlərin həbs olunmaları ilə bağlı məhkəməyə vəsatət təqdim ediblər. Buna əsas kimi isə zərərçəkənlərə dəymiş zərərin bu müddət ərzində ödənilməməsi göstərilib. Müşavirədən sonra zərərçəkənlərin vəsatəti qismən təmin edilərək Rəşad İlyasov barəsindəki qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs olunub. Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib. Qeyd edək ki, istintaq zamanı müəyyən edilib ki, "Joy Tour" və "Joy Travel" MMC-nin təsisçiləri Rəşad İlyasov və Nərmin Fətullayeva xeyli vətəndaşı aldadaraq, müxtəlif xarici ölkələrə aviabiletlər və turlar təşkil etmək adı ilə 40 nəfərin 360 min manatını mənimsəyiblər. İstintaq müddətində mənimsənilən məbləğin kiçik bir hissəsi zərərçəkənlərə qaytarılıb. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılaraq barələrində ittiham irəli sürülüb. Elgün Həsənli
Mənbə
oxu.az