Kriminal
Ağdərə və Ağdam rayonlarında yeni arxeoloji abidələr aşkar edildi - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi" tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında "Dəmirli" Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayonu, Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb. Oxu.Az xəbər verir ki, bu barədə institut məlumat yayıb. Bildirilib ki, "Dəmirli" Filiz Emalı Kompleks ərazisində aparılan arxeoloji monitorinq zamanı Kompleksin ərazisində qeydə alınmış neolit dövrü yaşayış yeri tədqiqat üçün seçilib. "Canyataq qədim yaşayış yeri, eyni adlı müasir kəndin şimal-şərq hissəsində diametri təxminən 250 m, çay dərəsindən hündürlüyü 30-35 m olan allüvial təpənin cənub hissəsində kiçik bir ərazini əhatə edir. Təpə şimal hissədə Gülyataq çayının dərəsi ilə, cənub-şərq istiqamətindən isə Canyataq çayı ilə hüdudlanır. Təpənin cənub-şərq yamacında qoyulmuş yoxlama qazıntısı zamanı neolit dövrünə aid zəngin saxsı nümunələri, xeyli sayda osteoloji qalıqlar aşkar edilib. Görünən mənzərəyə görə neolit sakinləri bu əraziyə gəldikləri dövrdə ancaq təpənin həmişə gün işığı görən, maili şərq və qərb yamacında kiçik bir ərazidə məskunlaşıblar. Qarabağın neolit əhalisi ətraf ərazilərdə mövcud faydalı qazıntı yataqlarının varlığı haqqında biliklərə malik idilər. Ehtimala görə, düzənlik ərazidə yerləşən ayrı-ayrı yaşayış məskənləri və ya bu məskənlər daxilində kiçik qruplar faydalı qazıntıların tədarükü və ticarəti ilə məşğul olurdular. Canyataq da, böyük ehtimalla məhz oxra (sarı, narıncı, qırmızı və qəhvəyi çalarlı təbii boya kimi işlədilən təbii mineral piqment) tədarükü həyata keçirən bir düşərgə idi. Buradan aşkar edilmiş çoxlu sayda iri daş alət fraqmentləri və oxra qırıntıları bu ehtimalın sübutu olaraq göstərilə bilər. Qarabağın neolit dövrü mədənçiləri düşərgənin yaxınlığında mövcud yataqlardan oxranı əldə edərək buraya gətirib, kiçik parçalara bölərək düzən ərazilərə daşıyıblar. "Dəmirli" Filiz Emalı Kompleksi ərazisinin arxeoloji monitorinqi zamanı, ilkin müşahidələr göstərdi ki, ərazidə vaxtilə müsəlman qəbiristanlığı mövcud olub. Təəssüflər olsun ki, işğal dövründə ərazidə maddi sərvətlərimizi talamağa başlayan erməni vandalları tərəfindən, mədəni və mənəvi irsimizə də böyük ziyan vurulub. Qəbiristanlıq salınmış təpənin böyük bir hissəsi tamamilə dağıdılaraq yerində yol inşa edilib. Müşahidələrdən aydın olur ki, işğalçıların apardığı torpaq işləri zamanı insan sümükləri aşkar edilib və ərazidə müsəlman qəbirləri onlara bəlli olduqdan sonra qəbiristanlıq işğalçılar tərəfindən daha geniş formada dağıntıya məruz qalıb. Qeyd edilən sahədə arxeoloqlar tərəfindən orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələr aşkar edilib. Orta əsr tapıntıları şirli və şirsiz keramika məmulatı fraqmentlərindən ibarətdir. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla, XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı kompleks yaxınlığında 3 ədəd kurqan qeydə alınıb. AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi" tərəfindən növbəti arxeoloi monitorinq Ağdam rayonu ərazisində aparılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayonun Göytəpə kəndi ərazisində "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nda iki arxeoloji abidə qeydə alınıb. Göytəpə kəndinin qərbində yerləşən Göytəpə İlk Tunc dövrünə aid yaşayış yeri ölkə əhəmiyyətli abidə hesab olunur (İnventar № 644). Aparılan yerüstü arxeoloji müşahidələr zamanı müəyyən olunub ki, abidənin üst hissəsində antik dövrə aid nazik mədəni təbəqə var. Dörd hektardan artıq ərazini əhatə edən və 8 metrə yaxın hündürlüyü olan təpənin əsas hissəsi İlk Tunc dövrünə aiddir ki, bu da bəhs edilən dövrdə ərazidə intensiv məskunlaşmanın olduğunu göstərir. Təəssüflə qeyd edilməlidir ki, bir neçə müddət bundan öncə, Göytəpə abidəsinin qərbində yerləşən Eyvazxanbəyli kəndinin yenidən inşası zamanı abidə dağıntıya məruz qalıb. Arxeoloji ekspedisiya tərəfindən aparılan monitorinq zamanı Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisində türbə qeydə alınıb. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada Şamil bəy Salman bəy oğlu dəfn edilib. Nəzərə alsaq ki, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulubdur, çox güman ki, o, Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biridir. Türbə altıguşəli planda inşa edilib. Altıguşəli türbə memarlığı, əsasən qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır", - deyə məlumatda qeyd olunub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az