Siyasət

Müstəqillik Günü münasibətilə Serbiyada rəsmi qəbul təşkil olunub

29 May 2026, 01:00 2 baxış
Müstəqillik Günü münasibətilə Serbiyada rəsmi qəbul təşkil olunub
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan və Serbiya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev bu günün önəmindən bəhs edərək vurğulayıb ki, 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası Şərqdə ilk dünyəvi və demokratik parlament respublikası olub. Səfir bildirib ki, son illərdə Azərbaycanla Serbiya arasındakı səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edib və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb:
"İqtisadi əməkdaşlığımız uğurla inkişaf edir və daha böyük potensial daşıyır. Mədəni əlaqələr möhkəmlənir. Təhsil, idman, gənclik siyasəti, ailə və gender bərabərliyi sahəsindəki siyasət, ətraf mühitin mühafizəsi və bir çox digər sahələrdə əməkdaşlıq sürət qazanır". Tədbir mədəni proqramla davam edib. Məşhur serb opera ifaçısı Yasmina Trumbetaş "Koroğlu" operasından Nigarın ariyasını ifa edib. Daha sonra Azərbaycan xalq mahnısı "Sarı gəlin" ifa olunub. Əsər skripkada Katarina Nenadoviç, fortepianoda isə Mina Ristiç Yoniç tərəfindən müşayiət olunub.
Yekunda bu il 120 illik yubileyini qeyd etdiyimiz görkəmli Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeiri Belqrad Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının üçüncü kurs tələbələri - Tara Kontsuliç və Mariya Boroyeviç tərəfindən Azərbaycan və serb dillərində səsləndirilib. Şeir serb dilinə ADU-nun Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı tərəfindən tərcümə olunub.
Müstəqillik Günü münasibətilə Serbiyada rəsmi qəbul təşkil olunub Müstəqillik Günü münasibətilə Serbiyada rəsmi qəbul təşkil olunub
Mənbə oxu.az

Oxşar Xəbərlər