Mədəniyyət

Xalq artisti Firəngiz Əlizadənin doğum günüdür

28 May 2026, 15:28 2 baxış
Xalq artisti Firəngiz Əlizadənin doğum günüdür
Bu gün "UNESCO-nun sülh artisti" fəxri adına layiq görülən bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin doğum günüdür. Oxu.Az xatırladır ki, Qara Qarayevin tələbələrindən biri olan Firəngiz Əliağa qızı Əlizadə 1947-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil alıb. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1970-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb və 1972-74-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışıb. F.Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülüb. 1992-ci ildə F.Əlizadəyə Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yaradılması sifariş olunub. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibətilə 3 yanvar 1993-cü ildə səhnəyə qoyulub. Onun digər ölkələrin sifarişi ilə yazdığı əsərlər də az deyil. Xarici dövlətlərin məşhur musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən violonçel üçün "Oyan!" (Paris, 2005), kvintet üçün "Xəzər" (Nyu-York, 2006), fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, 2006), "Optical Identity" baleti (Sinqapur, 2007), "Al Kamandcaty" misteriyası (Roma, 2007), skripka üçün "Dastan" (Ausburq, 2007), fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, 2008), "Your name means the Sea" operası (Hyuston, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, 2011), skripka və fortepiano üçün "Impuls" (ABŞ, 2012), fortepiano üçün "Landscape"i (Fransa, 2012) və s. qeyd etmək olar. Əsərlərində bəşəri mövzulara toxunaraq insanların diqqətini qlobal məsələlərə yönəltməyi bacaran bəstəkarımızın yaradıcılığının ana xəttini doğma Azərbaycanın tərənnümü təşkil edir. "İntizar" operasının timsalında biz Qarabağ mövzusunun opera sənətində yüksək sənətkarlıqla uğurlu təcəssümünün, bədii ifadə vasitələrinin, obrazlar sisteminin formalaşmasının şahidi oluruq. Bu mənada opera son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərin yaranmasına olan mənəvi tələbata tam cavab verir. F.Əlizadə 1990-cı ildə "Azərbaycan SSR Əməkdar incəsənət xadimi", 2000-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti", 2007-ci ildə "UNESCO-nun sülh artisti" fəxri adları və "Şöhrət" ordeni, eləcə də 2017-ci ildə "Şərəf" ordeni ilə mükafatlandırılıb. O, Azərbaycanın ən ali medalı hesab edilən "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə də təltif olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər