Mədəniyyət

Xalq artisti Ofeliya Sənaninin 85 yaşı tamam olur - FOTO - VİDEO

26 May 2026, 10:44 3 baxış
Xalq artisti Ofeliya Sənaninin 85 yaşı tamam olur - FOTO - VİDEO
Bu gün Xalq artisti Ofeliya Sənaninin doğum günüdür. Ofeliya Hacağa qızı Sənani 1941-ci il mayın 26-da Bakı şəhərində anadan olub. Hələ məktəb illərində sənətə və efir mühitinə böyük maraq göstərən Ofeliya xanım 1959-cu ildə - 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb. 1959-1975-ci illərdə müxtəlif radio tamaşalarında baş rolları səsləndirən Ofeliya Sənani qısa zamanda dinləyicilərin rəğbətini qazanıb.
Güclü diksiya, aydın nitq və emosional təqdimat tərzi onu efirin seçilən simalarından birinə çevirib. 1975-ci ildən Azərbaycan Televiziyasında diktor kimi fəaliyyət göstərməyə başlayan O.Sənani 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb. Ofeliya Sənani uzun illər "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində də çalışıb. 1960-1990-cı illərdə 100-dən artıq filmdə baş qəhrəmanları səsləndirib. Onun səsi ilə tamaşaçıların yaddaşına həkk olunan obrazlar sırasında "Yeddi oğul istərəm" filmində Humay, "Gün keçdi" filmində Əsmər, "Tütək səsi"ndə İsmət, "Qaynana" filmində isə Sevda obrazları xüsusi yer tutur. Bu rollar Azərbaycan kino dublyaj sənətinin ən uğurlu nümunələrindən hesab olunur. Dublyaj fəaliyyəti ilə yanaşı, Ofeliya xanım bir sıra bədii və televiziya filmlərində aktrisa kimi də çıxış edib. "Dağlarda döyüş", "Sahil bağı", "O qızı tapın", "Ulduzlar sönmür", "Mücrü" və "Bakı bulvarı" kimi ekran əsərlərində yaratdığı obrazlar onun aktyorluq bacarığını da nümayiş etdirib.
Azərbaycan efir məkanında diktor məktəbinin aparıcı nümayəndələrindən biri olan Ofeliya Sənani yeni diktor nəslinin yetişməsində mühüm rol oynayıb. Onun Davud Əhmədov ilə birlikdə apardığı "Səhər görüşləri" proqramı, müxtəlif yaş qrupları üçün hazırladığı verilişlər uzun illər tamaşaçıların böyük marağına səbəb olub. Xüsusilə radioda uşaqlar üçün yayımlanan "Biləyən" proqramında qocaman aktyor Sadıq Hüseynov ilə birlikdə yaratdığı "Biləyən" obrazı uşaqların estetik zövqünün formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edib. Ofeliya Sənani 1975-ci ildə Azərbaycan milli televiziyasının inkişafındakı xidmətlərinə görə "Əməkdar artist", 1991-ci ildə isə "Xalq artisti" fəxri adına layiq görülüb. 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona fərdi təqaüd verilib.
Xalq artisti Ofeliya Sənaninin 85 yaşı tamam olur - FOTO - VİDEO Xalq artisti Ofeliya Sənaninin 85 yaşı tamam olur - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər