Ukrayna 1700 km uzaqlıqdakı hərbi müəssisəni vurdu
Ukrayna ordusu Rusiyanın hərbi sənaye müəssisəsinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında bildirib.
Zelenski Rusiyanın Perm bölgəsində “Metafrax Chemicals” müəssisəsinə zərbə endirildiyini təsdiqləyib:
“Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat ölkə sərhədindən təxminən 1700 kilometr uzaqlıqda baş verib. Bu, Rusiyanın hərbi sənaye kompleksinə qarşı “uzunmənzilli sanksiya” xarakteri daşıyır”.
Onun sözlərinə görə, “Metafrax Chemicals” Rusiya kimya sənayesinin mühüm hissəsidir və istehsal etdiyi məhsullar ölkənin bir çox hərbi zavodlarını, o cümlədən pilotsuz uçuş aparatları, aviasiya texnikası, raket mühərrikləri və partlayıcı maddələrin istehsalını təmin edən müəssisələri xammalla təchiz edir.
Ukrayna prezidenti müəssisədə istehsal prosesinin dayandırıldığını iddia edib.