Dünya
Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir? - Mütəxəssis rəyi
Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Arseni Buryakov Gazeta.ru-ya açıqlamasında bildirib. Ekspertin sözlərinə görə, bina daxilində mobil telefonla danışmaq, cihaz şarjda deyilsə və xarici naqillərə qoşulmayıbsa, ildırımvurma riskini artırmır. Təhlükə smartfon elektrik şəbəkəsinə qoşulduqda yarana bilər. İldırım elektrik verilişi xəttinə düşdükdə naqillər vasitəsilə yayılan və rozetkalarla binaya daxil ola bilən güclü gərginlik impulsları yarana bilər. "Smartfon şarj olunursa, o, evin elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdədir. Güclü impuls zamanı şarj cihazının zədələnməsi, batareyanın sıradan çıxması və hətta lokal yanğın baş verməsi ehtimalı var", - deyə Buryakov xəbərdarlıq edib. Məhz bu səbəbdən şimşək çaxarkən həssas elektron cihazların elektrik şəbəkəsindən ayrılması məsləhət görülür. Bu qayda kompüterlərə, televizorlara və marşrutlaşdırıcılara da aiddir. Mütəxəssis şimşək zamanı stasionar simli telefonlardan istifadə etməyi də tövsiyə etmir. Onun sözlərinə görə, elektrik impulsu kabel vasitəsilə telefona keçərək elektrik travmasına səbəb ola bilər. Mobil telefonlarda isə belə risk xarakterik deyil, çünki onların xarici kommunikasiya xətləri ilə birbaşa simli bağlantısı yoxdur. İldırım çaxarkən sığınacaqdan kənarda qalmaq isə telefondan asılı olmayaraq özü-özlüyündə təhlükəlidir. Açıq ərazidə və ya hündür obyektlərin yaxınlığında olmaq insanı ildırım üçün potensial hədəfə çevirə bilər. Smartfonla danışmaq ildırımvurma ehtimalını artırmasa da, insanın diqqətini təhlükədən və sığınacaq axtarmaqdan yayındıra bilər. Buryakov ilk göy gurultusu səslərini eşidən kimi qapalı və qorunan məkana keçməyi, küçədə telefondan istifadəni isə təhlükəsiz yerə çatana qədər təxirə salmağı məsləhət görüb.
Mənbə
oxu.az