Dünya

İnfantinonu tənqid etdi, vəzifəsindən getdi - FIFA-da QALMAQAL

18 Aug 2026, 03:32 2 baxış
İnfantinonu tənqid etdi, vəzifəsindən getdi - FIFA-da QALMAQAL
FIFA-nın baş əməliyyat direktoru, fransalı Kevin Lamur Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantinonu tənqid etdikdən sonra vəzifəsindən istefa verib. Oxu.Az xəbər verir ki, bu barədə FIFA "The Athletic" portalına məlumat verib. "FIFA Kevinə iki illik xidmətinə görə təşəkkür edir və gələcək fəaliyyətində ona hər cür uğur arzulayır. Bu məsələ ilə bağlı əlavə şərh verilməyəcək", - deyə qurumun "The Athletic" üçün yaydığı açıqlamada bildirilib. "Sky" telekanalının məlumatına görə, Lamurun istefası onun FIFA prezidenti Canni İnfantinonu tənqid etməsi ilə əlaqədardır. Lamur iyul ayında "Associated Press" agentliyinə müsahibəsində FIFA əməkdaşlarının İnfantinonun "FIFA Forward Enterprise" şirkətinin yaradılması planı ilə bağlı aldadıldığını bildirib. Sözügedən şirkət təşkilatın əsas kişi və qadın turnirlərinə nəzarət etməli idi. İnfantinonun fikrincə, "FIFA Forward Enterprise" şirkətinin yaradılması FIFA-ya üzv assosiasiyaların gəlirlərini artırmaqla yanaşı, bütün dünyada futbolun inkişafına da kömək edə bilərdi. FIFA bu təşəbbüsün 4.2 milyard dollar həcmində vəsait cəlb edə biləcəyini açıqlamışdı. Lakin layihə funksionerlər, futbol federasiyaları və digər təşkilatlar tərəfindən ciddi tənqid olunub. Jurnalist Romen Molina isə İnfantinonun təşkilat daxilində dəstəyini itirdiyi üçün yaxın zamanda istefa verəcəyini iddia edib. İnfantinonun təklifi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali və Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən rədd edilib. Bununla yanaşı, UEFA FIFA-nın himayəsi altında keçirilən turnirləri boykot edə biləcəyini açıqlayıb. Daha sonra İnfantino layihədən imtina etdiyini bildirdikdə, UEFA FIFA prezidentinə etimadın itirildiyini bəyan edib. "The Telegraph" qəzetinin məlumatına görə, UEFA İnfantino vəzifəsindən könüllü şəkildə istefa verməkdən imtina edəcəyi təqdirdə ona qarşı etimadsızlıq səsverməsi keçirilməsini planlaşdırır. Nəşr həmçinin Avropa assosiasiyalarının İnfantinonu dəstəkləyən məktubları geri çəkməyi planlaşdırdığını yazıb. UEFA-nın 55 üzvündən 52-si əvvəlcə İnfantinonun namizədliyini dəstəkləyib. Almaniya, Rumıniya və Norveç isə bu dəstəyə qoşulmayıb. İnfantinoya dəstəkdən açıq şəkildə ilk imtina edən Uels Futbol Assosiasiyası olub. Daha sonra Serbiya və İsveçin də daxil olduğu bir sıra ölkələrin futbol federasiyaları bu mövqeyə qoşulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər