Siyasət
Rossbax: "WUF13 dialoqdan icraya keçmək üçün mühüm platformadır"
"Urbanizasiya problemlərinin miqyası daha əlaqələndirilmiş və daha inklüziv fəaliyyət tələb edir". Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun (WUF) rəsmi açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında deyib. O bildirib ki, WUF13 dialoqdan icraya keçmək üçün mühüm platformadır: "Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis olunduğu gündən etibarən Dünya Şəhər Forumu dayanıqlı urbanizasiya sahəsində dialoq və fəaliyyət üçün aparıcı qlobal platformaya çevrilib. WUF13 dünyanın urbanizasiya ilə bağlı fəaliyyət yanaşmasını yenidən müəyyənləşdirmək üçün mühüm bir məqamdır. Bakıda keçirilən bu forum Azərbaycanın dayanıqlı şəhər inkişafı üzrə qlobal dialoqun təşviqində və regionlararası əməkdaşlığın gücləndirilməsində oynadığı mühüm rolu əks etdirir". A.Rossbax vurğulayıb ki, WUF13 BMT UN-Habitat tərəfindən indiyədək təşkil olunmuş ən böyük forumdur: "Forumda 182 ölkədən 41 mindən çox iştirakçı yer alır. Onların sırasında dövlət başçıları, nazirlər, merlər, BMT rəsmiləri, həmçinin hökumət, biznes, akademik dairələr və vətəndaş cəmiyyətindən liderlər var. Lakin qlobal konsensusun artmasına baxmayaraq, siyasi ambisiyalarla onların praktik icrası arasındakı fərq hələ də böyük olaraq qalır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu fəaliyyət platforması rolunu oynayır və transformativ şəhər dəyişikliklərini irəli aparmağa sadiq olan qlobal koalisiyanı bir araya gətirir".
Mənbə
oxu.az