Siyasət

Tehranın qərəz və qəzəbinin rəngli versiyası: İran Ermənistan bayrağını niyə bəhanə gətirir? - FOTO

16 May 2026, 18:48 1 baxış
Tehranın qərəz və qəzəbinin rəngli versiyası: İran Ermənistan bayrağını niyə bəhanə gətirir? - FOTO
İsrailin "Kan-11" dövlət telekanalı "Avroviziya 2026" mahnı müsabiqəsinin ikinci yarımfinalının yayımı zamanı Ermənistan təmsilçisini yanlışlıqla Azərbaycan bayrağı altında təqdim edib. Belə ki, Ermənistan təmsilçisi Simon Hovhanisyan səhnəyə çıxarkən onun adının qarşısında Azərbaycan bayrağı təsvir edilib. Lakin məsələnin ən absurd, təəccüblü olan tərəfi bundan sonra baş verənlərdir. Belə ki, hadisəyə Ermənistan yox, İranın bu ölkədəki səfirliyi münasibət bildirib və "Avroviziya" ilə bağlı yayılan görüntülər fonunda edilən paylaşımda Ermənistanın "gözəl bayrağı", "tarixi və sivilizasiyalı dövlət" kimi ifadələr, "Tehranın həmişə İrəvanın yanında olduğu" qeyd edilib.
Əslində, öz daxilində kifayət qədər ciddi sosial-iqtisadi problemlərlə üzləşən bir ölkənin başqa dövlət adına bu qədər həssaslıq nümayiş etdirməsi ironik görünür. Bu baxımdan, özünə umac ova bilməyən molla rejiminin Ermənistana əriştə kəsməsi gülünc addımdır. Ermənistanla bağlı məsələyə bu ölkənin yerinə cavab verməklə İran öz diplomatiyasının "neytrallıq maskası"nı yenə də uzun müddət saxlaya bilməyib. Tehran rəsmilərinin hər fürsətdə İrəvana xüsusi simpatiya nümayiş etdirməsi artıq ənənəyə çevrilib. Diplomatik açıqlamadan çox, siyasi simpatiya nümayişini xatırladan bu paylaşım bir daha göstərdi ki, Tehran Ermənistan məsələsində neytral görünməkdə çətinlik çəkir. Xüsusilə regionda yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə belə mesajların verilməsi diqqətdən yayınmır. İran illərdir bölgədə balanslı və neytral siyasət yürütmək istədiyini bəyan etsə də, bənzər hadisələr zamanı nümayiş etdirdiyi reaksiyalar bu "neytrallıq maskasının" daha çox riyakarlıq örtüyü olduğunu göstərir. Yəni bir televiziya ekranındakı texniki məsələyə verilən reaksiyanın tonu belə ondan xəbər verir ki, Tehran üçün məsələ təkcə bayraq deyil, bu, həm də regionda dəyişən siyasi mənzərəyə verilən simvolik mesaj, bu mesajın dəryada boğulan sahibinin saman çöpündən yapışmaq istəyidir. Görünür, İran üçün Cənubi Qafqazda texniki bir məsələ sərhəd pozuntusundan daha böyük siyasi isteriyadır. Elə olmasaydı, molla rejimi dərdini çəkdiyi bayrağın məxsus olduğu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları üçün də, o torpaqlardan zorla didərgin salınan Azərbaycan bayrağı üçün də təəssübkeşlik edərdi. O bayraq ki, uğrunda minlərlə müsəlman azərbaycanlı şəhid olub, canından, qanından keçib. İslam Respublikası isə buna lal, kar, kor olub. Bəlkə, İran üçün bayraq dövlət simvolundan daha çox, qərəzinin və qəzəbinin rəngli versiyası və ya bəhanədir ki, özünü Ermənistanın könüllü PR agenti kimi aparır?
Bir sözlə, Tehran yenə çalışdı ki, "Papadan daha çox katolik" olsun. Sanki Ermənistanın bayrağı yox, Tehranın "qırmızı xətti" təhqir olundu. Amma yox, axı İranın "qırmızı xətti" elə Ermənistandır və Tehran bunu dəfələrlə səsləndirməkdən çəkinməyib. Görünür, İran rəsmiləri hələ də regionun dəyişən ritminə uyğunlaşa bilmirlər. Ona görə ağıllarına və ağızlarına nə gəldi danışırlar. Çünki bu cür populizm bugünkü siyasətdə qısamüddətli alqış və uzunmüddətli etimadsızlıqdan başqa heç nə qazandırmır. Üstəlik, İran kimi xaos və böhran içində üzən ölkə üçün. Necə deyərlər, evində aş tapmır, qonşuya plov çeşidi yazır.
Tehranın qərəz və qəzəbinin rəngli versiyası: İran Ermənistan bayrağını niyə bəhanə gətirir? - FOTO Tehranın qərəz və qəzəbinin rəngli versiyası: İran Ermənistan bayrağını niyə bəhanə gətirir? - FOTO Tehranın qərəz və qəzəbinin rəngli versiyası: İran Ermənistan bayrağını niyə bəhanə gətirir? - FOTO Tehranın qərəz və qəzəbinin rəngli versiyası: İran Ermənistan bayrağını niyə bəhanə gətirir? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər