Dünya
Xorvatiyada Roma dəfinəsi tapıldı: Əsgər maaşı olduğu ehtimal edilir
Xorvatiyanın şərqində yerləşən Moxovo ərazisində arxeoloqlar 302 ədəd Roma sikkəsi aşkarlayıblar. Oxu.Az "Rambler"ə istinadən xəbər verir ki, Zaqreb Arxeologiya İnstitutu bu tapıntının Roma İmperiyasının əsas sərhədlərindən biri olan Dunay limesini qoruyan kiçik bir hərbi bölmə ilə bağlı olduğunu bildirib. Dəfinə Vukovar-Srem jupaniyasında, təxminən bir kvadratmetrlik sahəsi olan Roma gözətçi qülləsinin ərazisində aparılan qazıntılar zamanı tapılıb. Sikkələrin əksəriyyəti Dunay sərhədinin müdafiəsinin gücləndirildiyi dövrə - eramızın IV əsrinə aiddir. Məlumata görə, xəzinə dar bir xəndəkdə aşkar edilib. Texnik Damir Topiçin sözlərinə görə, əvvəlcə bir, sonra isə ard-arda bir neçə sikkə tapıldıqdan sonra bunun məqsədyönlü şəkildə gizlədilmiş bir dəst olduğu aydınlaşıb. İnstitutun direktoru Marko Dizdar bunun hərbi ehtiyat ola biləcəyini ehtimal edir. Versiyalardan birinə görə, əsgərlər hücum və ya təhlükə zamanı pulları geri götürmək ümidi ilə gizlətsələr də, görünür, bu, onlara nəsib olmayıb. Çox güman ki, bu, sadəcə əşyalar toplusu deyil, sərhəddəki növbəti böhran zamanı tələsik gizlədilmiş əsgər və ya zabit maaşıdır. İlkin təhlillər göstərir ki, sikkələrin çoxu imperator I Valentinianın (eramızın 364-375-ci illəri) dövründə zərb edilib. Bu fakt yerli tarix üçün də vacibdir, çünki imperator müasir Vinkovtsinin yerində yerləşən Roma şəhəri Tsibalda anadan olub. Sikkələrlə yanaşı, arxeoloqlar fibulalar (geyim sancaqları) və balıqçılıq qarmağı da tapıblar. Bu əşyalar göstərir ki, qüllədəki həyat yalnız keşik çəkməkdən ibarət olmayıb; əsgərlər orada daim yaşayır, avadanlıqlarını təmir edir və çayın resurslarından istifadə edirdilər. Bərpa işlərindən sonra sikkələr muzeyə təhvil veriləcək.
Mənbə
oxu.az