Dünya

Futbol üzrə dünya çempionatının yayım hüquqları uğrunda milyonluq anlaşma rəsmiləşdi

16 May 2026, 01:24 3 baxış
Futbol üzrə dünya çempionatının yayım hüquqları uğrunda milyonluq anlaşma rəsmiləşdi
Çinin dövlət teleradio şirkəti olan CCTV 2026-cı il futbol üzrə dünya çempionatının oyunlarını yayımlamaq üçün FIFA ilə razılıq əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə "Hong Kong 01" nəşri məlumat yayıb. Bildirilib ki, yayım hüquqlarının dəyəri 60 milyon dollar təşkil edib. Uzun sürən danışıqlardan sonra müqavilə mayın 15-də rəsmiləşdirilib. Müqaviləyə əsasən, CCTV televiziya, internet və mobil platformalarda yayım üçün bütün eksklüziv hüquqlara sahib olacaq. Mənbələrin məlumatına görə, FIFA ilkin mərhələdə yayım hüquqları üçün 250-300 milyon dollar tələb edib. Daha sonra bu məbləğ 120-150 milyon dollara endirilsə də, Çin tərəfi 60-80 milyon dollar civarında israr edib. Nəticədə tərəflər CCTV-nin təklif etdiyi minimum məbləğ üzərində razılığa gəliblər. Saziş yalnız 2026-cı il kişilər arasında dünya çempionatını deyil, həmçinin 2030-cu il mundialını, eləcə də 2027 və 2031-ci illərdə keçiriləcək qadınlar arasında dünya çempionatlarını da əhatə edir. Çin FIFA ilə razılıq əldə etdiyi halda, Hindistanla danışıqlar nəticəsiz qalıb. "India Today"in məlumatına görə, FIFA qiyməti 35 milyon dollara qədər endirsə də, Hindistanın yayım şirkəti "JioStar" cəmi 20 milyon dollar təklif edib. Bundan əlavə, turnirin dövlət kanallarında ödənişsiz yayımlanmasını təmin etmək tələbi ilə Dehli Ali Məhkəməsinə rəsmi müraciət ünvanlanıb. Məhkəmə baxışı mayın 20-nə təyin olunub. Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər