Dünya
"Associated Press"dən şok qərar: Jurnalistlər ixtisar olunurlar
"Associated Press" (AP) xəbər agentliyi ABŞ-də fəaliyyət göstərən jurnalistləri ilə bağlı ixtisar qərarını rəsmən təsdiqləyib. Oxu.Az agentliyin məlumatına istinadən xəbər verir ki, işçilərin sayının azaldılması qurumun çap mediasından vizual jurnalistika və digər gəlir sahələrinə keçidi nəzərdə tutan yenidənqurma planının bir hissəsidir. Agentlik rəhbərliyi işdən çıxarılan əməkdaşların dəqiq sayı barədə məlumat verməkdən imtina edib. Qeyd edək ki, təxminən bir ay əvvəl AP ABŞ-dəki 120-dən çox əməkdaşına təzminat qarşılığında könüllü şəkildə işdən ayrılmağı təklif etmişdi. Agentliyin Həmkarlar İttifaqının məlumatına görə, təxminən 40 nəfər bu təklifdən yararlanıb. Təşkilat nümayəndələri ümumilikdə neçə jurnalistin işini itirəcəyinə dair dəqiq rəqəm açıqlamayıblar. Bununla belə, ixtisara düşən şəxslərin son iş gününün mayın 15-i olacağı bildirilib. İşçilərin ixtisarı ilə bağlı planlar hələ aprel ayında açıqlanmışdı. Həmin vaxt AP-nin qlobal işçi qüvvəsini 5 faizdən bir qədər az azaltmağı planlaşdırdığı qeyd olunmuşdu. Rəhbərlik agentliyin maliyyə problemi yaşamadığını, sadəcə dəyişən müştəri tələblərinə uyğunlaşmağa çalışdığını vurğulayıb. Qeyd edək ki, son dörd ildə agentliyin çap nəşrlərindən əldə etdiyi gəlir 25 faiz azalıb. "Gannett" və "McClatchy" kimi iri qəzet nəşriyyatları 2024-cü ildən etibarən AP ilə əməkdaşlığı dayandırıblar. Hazırda agentliyin əsas müştəriləri sırasında yayımçılar, rəqəmsal platformalar və texnologiya şirkətləri yer alır.
Mənbə
oxu.az