Dünya
ABŞ və İsrailin İranla bağlı yeni planı ortaya çıxdı
ABŞ və İsrail İranla münaqişə başlayandan bəri bu ölkəyə qarşı yeni aviazərbələr endirmək üçün ən yüksək səviyyədə intensiv hazırlıq aparırlar. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Yaxın Şərq ölkələrindəki rəsmi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hücumların yenidən başlanması ilə bağlı qərar verilərsə, mümkün ssenarilər arasında İranın infrastruktur və hərbi obyektlərinin daha genişmiqyaslı bombardmanı da yer alır. Nəşrin mənbələri bildiriblər ki, digər planlardan biri yeraltı sığınacaqlarda gizlədildiyi ehtimal olunan nüvə materiallarının aşkarlanması üçün xüsusi təyinatlı qüvvələrin bölgəyə göndərilməsini nəzərdə tutur. Məqalədə qeyd olunur ki, xüsusi hazırlıqlı quru qoşunları İranın İsfahan şəhərində yerləşən zənginləşdirilmiş uran obyektlərini hədəfə alan əməliyyatda iştirak edə bilər. "Lakin belə bir əməliyyat üçün təhlükəsizlik perimetri yaradacaq və böyük ehtimalla İran qüvvələri ilə döyüşə girəcək minlərlə dəstək qüvvəsinə də ehtiyac olacaq. Hərbi rəsmilər bu variantın ciddi insan itkisi riski daşıdığını etiraf ediblər", - deyə məqalədə vurğulanıb. Yazıda həmçinin qeyd olunur ki, İrana qarşı mümkün yeni hücumlar böyük ehtimalla aprelin 7-də ABŞ və İran arasında son anda əldə olunan atəşkəsdən əvvəl dayandırılan əməliyyatların davamı xarakteri daşıyacaq.
Mənbə
oxu.az