Dünya

İstanbul məhkəməsindən yeni qərar: Rusiya, Türkiyə və varislərin bölüşə bilmədiyi villa

15 May 2026, 18:36 1 baxış
İstanbul məhkəməsindən yeni qərar: Rusiya, Türkiyə və varislərin bölüşə bilmədiyi villa
İstanbulun 20-ci Mülki Məhkəməsi Bosfor boğazı sahilində yerləşən Tarabya villası üzrə mülkiyyət hüququnun tanınması ilə bağlı bütün tərəflərin irəli sürdüyü iddiaları ləğv edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məhkəmə instansiyası eyni zamanda sözügedən əmlakın hazırkı mülkiyyətçiləri tərəfindən üçüncü şəxslərə ötürülməsinə və ya satılmasına qadağa qoyaraq istifadə hüququnu məhdudlaşdırıb. Rusiya tərəfinin hüquqlarını müdafiə edən vəkil Səlim Sarıibrahimoğlu çıxarılan qərarla bağlı Türkiyə Konstitusiya Məhkəməsi də daxil olmaqla, yuxarı instansiyalara şikayət ediləcəyini vurğulayıb. O qeyd edib: "Biz bu məhkəmə aktından apelyasiya şikayəti, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət edəcəyik". Qeyd edək ki, vəkil Sarıibrahimoğlu bundan əvvəl mətbuata açıqlamasında məhkəmə prosesinin onların xeyrinə yekunlaşacağına ümid etdiyini söyləmişdi. Məsələnin tarixi 2025-ci ilin sentyabrında İstanbul Regional Məhkəməsinin 6-cı Palatası Rusiya Federasiyası, Rusiya İmperiyasının İstanbuldakı səfirliyinin işçisi Nikolay Sveçin varisləri və Türkiyə dövləti arasında mübahisə mövzusu olan villanın statusuna dair birinci instansiya məhkəməsinin həmin ilin 30 yanvar tarixli qərarını ləğv etmişdi. Apellyasiya instansiyası bildirib ki, binanın diplomatik statusu dəqiqləşdirilmədən, varislərin kimliyi təsdiq olunmadan və digər hüquqi prosedurlara əməl edilmədən yekun qərar verilə bilməz. Beləliklə, iş yenidən baxılması üçün 20-ci İstanbul Mülki Məhkəməsinə qaytarılıb və ilk iclas dekabrın 9-da baş tutub. Bu il fevralın 19-da isə məhkəmə Türkiyə Xarici İşlər Nazirliyindən əmlakın statusu ilə bağlı verilən sorğunun cavabını qəbul edib. Nazirliyin cavabında vurğulanıb ki, "mübahisə obyekti olan binanın diplomatik statusu mövcud deyil və mülkiyyət məsələsinin həlli qurumun səlahiyyətləri xaricindədir". Tarabya villasının mülkiyyəti ilə əlaqədar məhkəmə prosesi 2008-ci ildə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin təşəbbüsü ilə başlayıb. Nazirlik Sveçinin adına olan qeydiyyatın saxta olduğunu və binanın dövlət xəzinəsinə aid olduğunu önə sürərək köhnə sənədlərin ləğvi və əmlakın yenidən qeydiyyata alınması tələbi ilə iddia qaldırıb. Həmin vaxt Sveçinin varisləri cavabdeh tərəf qismində cəlb olunublar. Sonrakı mərhələlərdə - 2015-ci ildə Türkiyə Vəqflər Baş İdarəsi, 2018-ci ildə isə Rusiya Federasiyası bu məhkəmə işinə müdaxilə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər