Dünya
Abbas Əraqçı: "Bəzi ölkələr Tehranla Vaşinqton arasındakı danışıqları pozmaq istəyirlər"
"İran hakimiyyəti münaqişəni diplomatik yolla həll etmək üçün ABŞ ilə atəşkəs rejimini qorumağa çalışır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Hindistanda brifinqdə bildirib. "Atəşkəs çox kövrəkdir. Biz diplomatiyaya ikinci şans vermək üçün onu qorumağa çalışırıq", - deyə diplomat məlumat verib. Nazir qeyd edib ki, bəzi ölkələr Tehran və Vaşinqton arasında aparılan danışıqları pozmağa can atırlar: "Bəzi tərəflər danışıqları pozmağa və ABŞ-ni müharibəyə cəlb etməyə çalışırlar. Ümid edirik ki, proses sağlam düşüncə məcrasına qayıdacaq. Münaqişənin məhz danışıqlar yolu ilə həll olunacağını gözləyirik". Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər