Dünya
İranın sülh planı rədd olundu - Danışıqlar olmayacaq?
ABŞ hakimiyyəti İranın münaqişənin nizamlanmasına dair 14 bənddən ibarət planını tamamilə rədd edib. Oxu.Az bu barədə "Tehran Times"a istinadən xəbər verir. Məlumata görə, Tehran Vaşinqtondan razılaşma ilə bağlı yazılı təklifinə cavab alıb. Qeyd olunur ki, ABŞ İranın bütün təkliflərini rədd edib və xüsusilə İranın nüvə proqramı məsələsində siyasi kursuna sadiq qalıb. Nəşr xatırladıb ki, əgər Vaşinqton İslam Respublikasının təkliflərini qəbul etsəydi, Tehran nüvə dosyesi də daxil olmaqla danışıqların ikinci mərhələsinə başlamağa hazır idi. Mayın 10-da İran rəhbərliyi münaqişənin dayandırılması ilə bağlı ABŞ-nin irəli sürdüyü təklifə cavabını Pakistan nümayəndələri vasitəsilə təqdim edib. "The Wall Street Journal"ın məlumatına görə, Tehran Vaşinqtonun israr etdiyi nüvə obyektlərinin sökülməsindən imtina edib. Bildirilir ki, İran tərəfi uranın zənginləşdirilməsinin dayandırılması ilə razılaşmağa hazır olduğunu bildirib, lakin ABŞ-nin tələb etdiyi 20 il müddətinə yox. Sonradan ABŞ Prezidenti Donald Tramp Tehranın cavabını qəbuledilməz adlandırıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə
oxu.az