İdman
"Roma"da şok ayrılıq: Klaudio Ranyeri Qasperiniyə görə vəzifəsini tərk edir
İtaliyanın "Roma" klubunda mühüm kadr dəyişikliyi gözlənilir. Oxu.Az xəbər verir ki, komandanın idarə heyətinin müşaviri Klaudio Ranyeri yaxın zamanlarda tutduğu postla vidalaşacaq. Məlumata görə, ayrılıq qərarının pərdəarxasında paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini ilə yaranan ciddi gərginlik dayanır. Belə ki, tərəflər klubun transfer siyasəti ətrafında ortaq məxrəcə gələ bilməyiblər. Baş məşqçi mövcud heyətin gücləndirilməməsindən şikayətlənsə də, K.Ranyeri bütün transfer addımlarının qarşılıqlı razılaşma əsasında atıldığını iddia edib. Mövsümün sonuna yaxın komandanın nümayiş etdirdiyi qeyri-sabit nəticələr isə tərəflər arasındakı uçurumu daha da dərinləşdirib. Qeyd edək ki, hazırda "Roma" A Seriyasında 33 turdan sonra aktivindəki 58 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Xatırladaq ki, Can Pyero Qasperini paytaxt komandasına 2025-ci ilin yayından rəhbərlik edir. Klaudio Ranyeri isə 2024-cü ilin noyabrından 2025-ci ilin iyun ayınadək "Roma"nın baş məşqçisi postunu tutub. Təcrübəli mütəxəssis daha əvvəl 2009-2011 və 2019-cu illərdə də qısa müddətə paytaxt klubunun sükanı arxasında yer almışdı.
Mənbə
oxu.az