Dünya
Avropada aviasiya yanacağı təlaşı - Aİ qıtlığa qarşı tədbirlər hazırlayır
Avropa İttifaqı (Aİ) üzv ölkələr arasında aviasiya yanacağının bölüşdürülməsinin optimallaşdırılması və onun alternativ tədarük mənbələrinin axtarışı üzrə təkliflər edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Avropa Komissiyasının (AK) müvafiq sənəd layihəsi ilə tanış olduqdan sonra məlumat yayıb. Qeyd olunur ki, Aİ aviasiya yanacağının təxminən 40%-ni idxal edir və bu həcmin yarısı Hörmüz boğazı vasitəsilə gəlir. Proqnozlara görə, apreldə Avropada çatışmazlıq olmayacaq, lakin əsas dəniz yolunun blokadası davam edərsə, mayda vəziyyət dəyişə bilər. Belə olarsa, AK gələn ay qanunvericilikdə dəyişiklər etməyi nəzərdən keçirəcək. Söhbət uçuş və eniş üçün vaxt intervalı, yanacaq çatışmazlığı halında reyslərin ləğvinin nəticələrindən gedir. Brüssel həmçinin regiondakı neft ehtiyatlarının təhlilini aparacaq və təchizat zəncirinin bütün mərhələlərində monitorinq məntəqələri yaradacaq. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına görə, Avropa aviadaşıyıcıları mayın sonuna qədər təyyarə yanacağının çatışmazlığı səbəbindən reysləri ləğv etməyə başlaya bilər. Qurumda hesab edirlər ki, Avropa hakimiyyət orqanları tədarüklər üçün alternativ kanalların təmin edilməsi üzrə bütün mümkün tədbirləri görməlidir.
Mənbə
oxu.az