Dünya
İrana dron və partlayıcı ötürməkdə şübhəli bilinən qadın Los-Anceles hava limanında tutuldu
ABŞ-nin Kaliforniya ştatında hüquq-mühafizə orqanları ölkədə qanuni yaşamaq hüququ olan İran vətəndaşını nəzarətə götürüb. O, İran dövlətinin xeyrinə silah qaçaqmalçılığı təşkil etməkdə şübhəli bilinir. Oxu.Az-ın məlumatına görə, faktı ABŞ-nin Kaliforniya Mərkəzi Dairə prokurorunun baş köməkçisi Bill Essaily təsdiqləyib. "Los-Anceles bölgəsinin Vudlend Hills ərazisində yaşayan 44 yaşlı Şamim Mafi İran hökumətinə qanunsuz yollarla hərbi təchizat ötürməkdə günahlandırılaraq hava limanında saxlanılıb. Şübhəli şəxs İran istehsalı olan və Sudana ixrac edilən pilotsuz uçuş aparatlarının, partlayıcı vasitələrin, qoruyucuların, eləcə də çox sayda döyüş sursatının ticarətində vasitəçilik etməkdə təqsirləndirilir", - deyə prokurorluğun rəsmi bəyanatında qeyd olunur. Essaily həmçinin bildirib ki, saxlanılan şəxs əslən iranlı olsa da, 2016-cı ildən etibarən ABŞ ərazisində daimi sakin hüququ ilə yaşayır. İrəli sürülən ittihamlar sübuta yetirilərsə, qadını 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Medianın yaydığı xəbərlərə görə, təqsirləndirilən şəxs mütəmadi olaraq İran, Türkiyə və fərqli ölkələrə səfərlər həyata keçirib. Onun həbsi şənbə günü Los-Anceles şəhərindən Türkiyə istiqamətində uçuşa hazırlaşarkən gerçəkləşib.
Mənbə
oxu.az