Dünya
İsrail SAXAL hərbçisinin hərəkətinə görə xristianlardan üzr istədi
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hərbçisi tərəfindən Livanın cənub bölgəsində İsa peyğəmbərin heykəlinin zədələnməsi rəsmi Təl-Əvivin sərt reaksiyasına səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar "X" hesabında paylaşım edib. Nazir bu hərəkəti biabırçılıq kimi qiymətləndirərək, yəhudi dövləti adından bütün xristian dünyasına üzrxahlıq edib: "Cənubi Livanda İsrail əsgəri tərəfindən xristian dini rəmzinə ziyan vurulması son dərəcə ağır və utancverici haldır. Bu qəbuledilməz davranış bizim mənəvi dəyərlərimizlə qətiyyən üst-üstə düşmür. İsrail dövləti bütün dinlərə, onların müqəddəs simvollarına ehtiramla yanaşır, inanclar arası tolerantlığı və qarşılıqlı hörməti dəstəkləyir. Bu xoşagəlməz hadisəyə görə qəlbi qırılan hər bir xristiandan üzr istəyirik". Xatırladaq ki, bir müddət əvvəl Livan mediasında ölkənin cənubunda yerləşən Dibel yaşayış məntəqəsində İsrail ordusuna məxsus hərbçinin İsa Məsihin heykəlini sındırmasını əks etdirən kadrlar yayılıb. İsrail ordusunun komandanlığı yaydığı rəsmi açıqlamada həmin şəkildəki şəxsin həqiqətən də onların hərbi qulluqçusu olduğunu təsdiqləyib. Hadisə ilə əlaqədar SAXAL daxili təhqiqat başladıb və təqsirkarların mütləq şəkildə məsuliyyətə cəlb olunacağını bəyan edib.
Mənbə
oxu.az