İdman
Kanadada "Venger ofsaydı" qaydaları üzrə ilk qol vuruldu
İngiltərənin Arsenal klubunun keçmiş məşqçisi Arsen Venger tərəfindən təklif olunan yeni ofsayd qaydaları ilə vurulan ilk qol Kanada Premyer Liqasının matçında qeydə alınıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, qolun müəllifi "Pasifik" klubunun hücumçusu Alexandro Dias olub. O, "Halifaks Uonderers" ilə matçın 20-ci dəqiqəsində fərqlənib. Görüş 2:2 hesabı ilə başa çatıb. Daha əvvəl bildirilmişdi ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qaydaların sınaqdan keçirilməsinə aşağıdakı dəyişikliklə başlamaq qərarına gəlib: əgər qol vurula bilən bədənin istənilən hissəsi sondan əvvəlki müdafiəçinin xəttində və ya ondan geridədirsə, oyunçu ofsaydda sayılmır. Hazırda isə ötürmə anında hücum edən oyunçunun bədəninin qol vurmaq mümkün olan hər hansı hissəsi sondan əvvəlki müdafiəçidən rəqib qapısına daha yaxın olarsa, ofsayd qeydə alınır.
Mənbə
oxu.az