Dünya
Qərbdə "Avropa NATO-su" qurulur?
ABŞ Prezidenti Donald Trampın alyansı tərk edəcəyi ilə bağlı xəbərdarlıqları fonunda qitədə "Avropa NATO-su"nun qurulması təşəbbüsü getdikcə daha çox diqqət cəlb edir. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Sözügedən layihələr üzərində fəaliyyət göstərən rəsmilər alyansın komanda və nəzarət sistemlərinə daha çox Avropa nümayəndəsini cəlb etməyə, həmçinin ABŞ-nin hərbi imkanlarını yerli resurslarla əvəzləməyə çalışırlar. Müzakirələrdə iştirak edən şəxslərin sözlərinə görə, bu ehtiyat plan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) çərçivəsində və ondan kənarda təşkil olunan qeyri-rəsmi görüşlər və şam yeməkləri zamanı hazırlanır. Lakin vurğulanır ki, bu təşəbbüs mövcud ittifaqla rəqabət aparmaq məqsədi daşımır. Məqalədə qeyd olunur ki, Avropa ölkələrinin rəhbər şəxsləri Vaşinqton öz qoşunlarını qitədən çıxaracağı və ya müdafiədən imtina edəcəyi təqdirdə belə, Rusiyaya qarşı çəkindirici gücü, əməliyyatların davamlılığını və nüvə balansını qoruyub saxlamaq niyyətindədirlər.
Mənbə
oxu.az