Dünya
Yasəmən qoxusu hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssisdən açıqlama
Yataq otağında saxlanılan yasəmən çiçəyi başağrısı, aritmiya və hətta görmə qabiliyyətinin pisləşməsi daxil olmaqla, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Tatyana Xrınova məlumat verib. "Yasəmənləri yalnız yaxşı havalandırılan otaqlarda saxlamaq lazımdır. Onları heç bir halda yataq otağına qoymaq olmaz, çünki bu çiçəyin kəskin qoxusu güclü baş ağrılarına yol açır", - deyə mütəxəssis vurğulayıb. Ekspert qeyd edib ki, yasəmənin yarpaqlarında və çiçəklərində siringin adlı ürək qlikozidi var. Bu maddə ürək ritmini poza, yuxusuzluğa və miqrenə bənzər ağrılara səbəb ola bilər. Nadir hallarda isə görmənin pisləşməsinə və qanda trombositlərin səviyyəsinin azalmasına gətirib çıxarır. Eyni zamanda bu maddəyə qarşı həssaslıq fərdi xarakter daşıyır və bəzi insanlarda kəskin allergik reaksiyalar yarada bilər. T.Xrınovanın sözlərinə görə, yasəmən çiçəyini terrasda, qonaq otağında açıq pəncərənin yanında və ya eyvanda yerləşdirmək daha məqsədəuyğundur. Belə olan halda yasəmən heç bir sağlamlıq riski yaratmadan ətrafı gözəlləşdirəcək.
Mənbə
oxu.az