Dünya
Hörmüz boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb: Yalnız iki İran tankeri keçə bilib
Aprelin 13-də İranla əlaqəli cəmi iki neft tankeri Hörmüz boğazından çıxış edə bilib. Oxu.Az xəbər verir ki, "Reuters" agentliyi gəmilərin izlənməsi məlumatlarına əsaslanaraq, ABŞ blokadası fonunda dəniz yolu ilə həyata keçirilən neft ixracının faktiki olaraq azaldığını qeyd edib. "Auroura" və "New Future" adlı gəmilərin heyətləri bölgənin əsas nəqliyyat dəhlizini keçməyə müvəffəq olublar. Sözügedən tankerlər dizel yanacağı da daxil olmaqla müxtəlif neft emalı məhsullarının daşınmasını həyata keçirir. BƏƏ sahillərində yerləşən Hamriyah limanında yüklənmiş "New Future" gəmisinin son marşrutu isə Oman olaraq müəyyən edilib. Hər iki gəminin ümumilikdə 330 min barelə yaxın neft məhsulu daşıdığı bildirilir. Gərginlikdən əvvəl İranın gündəlik xam neft ixracının orta göstəricisi iki milyon barel ətrafında dəyişirdi. Ötən ay isə bu həcm azalaraq 1,71 milyon barelə enib. Mütəxəssislərin fikrincə, ABŞ və İsrail tərəfindən Hörmüz boğazının hərbi blokadası prosesi uzanarsa, Tehran dəniz yolu ilə ixrac etdiyi xam neftin böyük hissəsindən məhrum ola bilər ki, bu da ölkə büdcəsinə ciddi zərbə vuracaq. "The Wall Street Journal" nəşrinin yazdığına görə, "Cosco" şirkətinə məxsus, Hörmüz boğazını keçməyi planlaşdıran beş neft tankeri də hazırda hərəkətsiz vəziyyətdə qalıb və irəliləyə bilmir. Hörmüz boğazı üzərindən nəqliyyat hərəkətinin dayandırılması barədə məlumat ötən gecə yayılıb. Tehran rəsmiləri isə dəfələrlə vurğulayıblar ki, sözügedən boğazdan keçid yalnız İran tərəfinin rəsmi icazəsi əsasında həyata keçirilə bilər.
Mənbə
oxu.az