Dünya
KİV: ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı göndərir
ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı göndərir. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, "USS George H. W. Bush" aviadaşıyıcısı Virciniya ştatındakı Norfolk hərbi-dəniz bazasından yola düşüb və bölgədə artıq yerləşən "USS Abraham Lincoln" və "USS Gerald R. Ford" gəmilərinə qoşulacaq. Beləliklə, regionda eyni vaxtda üç aviadaşıyıcıdan ibarət hərbi qruplaşma formalaşacaq. Qeyd olunub ki, qüvvələrin bölgəyə göndərilməsi ABŞ Prezidenti Donald Trampın İranla bağlı növbəti addımları nəzərdən keçirməsi fonunda həyata keçirilir. Xatırladaq ki, daha əvvəl İranın SEPAH qüvvələri "USS Abraham Lincoln" aviadaşıyıcısına zərbə endirdiklərini bildirmiş, ABŞ Hərbi Dəniz Qüvvələri isə gəminin "Epik Qəzəb" əməliyyatında iştirakını davam etdirdiyini açıqlamışdı.
Mənbə
oxu.az