Siyasət

Metronun "20 Yanvar" stansiyasında törədilən terror aktından 32 il keçir

19 Mar 2026, 00:12 1 baxış
Metronun "20 Yanvar" stansiyasında törədilən terror aktından 32 il keçir
Bu gün metronun "20 Yanvar" stansiyasında törədilən terror aktından 32 il keçir. Oxu.Az xatırladır ki, 1994-cü il mart ayının 19-u saat 13:00-da metronun "20 Yanvar" stansiyasında partlayış baş verib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Ölənlər arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Xalq artisti, bəstəkar Rafiq Babayev də olub. Partlayışdan sonra metro stansiyasının tavanının bəzi hissələrində çöküntülər əmələ gəlib. Cinayət törətmək şübhəsi ilə, terrorçu fəaliyyətlə məşğul olan separatçı "Sadval" təşkilatının üzvləri həbs olunublar. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirilənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçib. İstintaq zamanı müəyyənləşdirilib ki, terrorçular təlimata uyğun olaraq, metronun "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törətməyi planlaşdırıb. Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər doqquz nəfər isə müxtəlif zamana həbs cəzasına məhkum edilib. 19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları "20 Yanvar" stansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər