Siyasət

İranın səfiri "Baku TV"nin bəzi suallarından yayınıb - VİDEO

07 Mar 2026, 01:37 1 baxış
İranın səfiri "Baku TV"nin bəzi suallarından yayınıb - VİDEO
İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilunun Baku TV-yə müsahibəsi zamanı diplomat bəzi suallara cavab verməkdən yayınıb. Belə ki, jurnalist Turan İbrahimov səfirə bildirib ki, Azərbaycan ictimaiyyətini Naxçıvana endirilən zərbələr məsələsi ciddi şəkildə maraqlandırır. O, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatı xatırladaraq qeyd edib ki, həmin zərbələrin "Arash 2" dronları ilə həyata keçirildiyi bildirilib. Jurnalist əlavə edib ki, SEPAH "Arash" tipli pilotsuz uçuş aparatlarından istifadə edir. Aparıcı onu da vurğulayıb ki, "Arash" dronları yaxın məsafəli hücumlar zamanı daha effektiv hesab olunur və Azərbaycanın ərazisinə İran tərəfdən daxil olub.
Səfir isə hərbçi olmadığını bildirərək hərbi və texniki məsələləri şərh etməkdən çəkinib. "Mənim missiyam bəllidir. İki ölkə arasında problem yarananda onun tez bir zamanda həllinə çalışıram. Siz "Arash" deyirsiniz, amma mənim Azərbaycan tərəfindən aldığım məlumata görə, "Shahed" dronları olub", - deyə Müctəba Dərmiçilu bildirib. Diplomat Naxçıvana dron hücumu ilə bağlı guya müəyyən şübhələrin olduğunu qeyd edərək suala konkret cavab verməkdən yayınıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi həyasızcasına Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər