Dünya

Yəmən ordusu husilərə qarşı hərbi əməliyyata başladı

04 Oct 2026, 18:36 2 baxış
Yəmən ordusu husilərə qarşı hərbi əməliyyata başladı
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə tabe olan silahlı qüvvələr husilərə qarşı hərbi əməliyyata başlayıb. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi məlumat verib. "Respublikanın suverenliyini və vətəndaşlarını qorumaqla bağlı konstitusion məsuliyyətimizi rəhbər tutaraq, Milli Müdafiə Şurasının qərarları əsasında zəruri prosedur və tədbirlər başa çatdıqdan sonra bu gün respublikanın qalan ərazilərinin geri qaytarılması məqsədilə hərbi əməliyyatlara başlanıldığını elan edirəm", - deyə o bildirib. Şura rəhbəri əlavə edib ki, deeskalasiya imkanları tükəndikdən sonra bütün güc strukturları hazırlıq mərhələsindən "azadetmə mərhələsinə" keçib. Öz növbəsində, "Ənsar Allah" hərəkatının silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səriya husilərin Əl-Cauf vilayətinin şərqində hökumət qüvvələrinin hücum cəhdinin qarşısını aldığını bildirib. Onun sözlərinə görə, döyüşlər zamanı hökumət qüvvələri xeyli sayda texnika itirib, onlarla hərbçi həlak olub və yaralanıb. Həmçinin onların mövqelərinə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirilib. Daha əvvəl bir mənbə "RİA Novosti"yə bildirib ki, husilər ölkənin cənub-qərbində yerləşən Taiz vilayətində əhəmiyyətli irəliləyiş əldə ediblər. Mənbənin sözlərinə görə, onlar Əş-Şəmmayəteyn, Cəbəl-Həbəşi, Əl-Məvasit və Əl-Maafir rayonlarında bir neçə əraziyə nəzarəti ələ keçiriblər. Toqquşmalardan sonra hökumət qüvvələri bəzi mövqelərdən geri çəkilib. Yəmən ordusu şənbə günü Səna və digər vilayətlərdə husilərin mövqelərinə 257 zərbə endirdiyini açıqlayıb. Hücumlar zamanı aviasiya, artilleriya, raketlər və PUA-lardan istifadə olunub. Bildirilib ki, "Ənsar Allah" hərəkatı təxminən 700 nəfər olmaqla, ölü və yaralılar şəklində canlı qüvvə itkisi verib. Həmçinin 170 ədəd texnika və silah itirildiyi iddia olunur. Yəməndə hərbi gərginlik husilərin sentyabrın 10-da Bab əl-Məndəb boğazının girişində yerləşən strateji Mayun adasına, eləcə də Qırmızı dənizdəki Haniş arxipelaqına nəzarəti ələ keçirməsindən sonra artıb. Bundan əvvəl husilər Taiz vilayətinin qərbindəki bəzi rayonları, Moha limanını və digər əraziləri də nəzarətə götürüblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər