Siyasət
İranın gələcəyi yalnız bir yolla dəyişə bilər
Rövşən Əsədov yazır... Martın 5-i səhər saatlarında Naxçıvan İran dronlarının hücumuna məruz qaldı. Dronlardan biri Naxçıvanın Babək rayonu Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına, digəri isə Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşdü. Rəsmi məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət aldı. Başını itirib, əmmaməsini ayağına dolayan molla rejiminin bu terrorçu xisləti ilə ilk dəfə deyil qarşılaşırıq. İstər Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmlərdə, istər 44 günlük müharibə vaxtı, istərsə də torpaqlarımız azad olunduqdan sonra və bu gün. Birinci və İkinci Qarabağ müharibələri müddətində İran Azərbaycanın işğal altında olan ərazilərindən öz narkotrafik üçün istifadə etdi, Ermənistanı qonşu və qardaş dediyi ölkəyə qarşı silahlandırdı. 44 günlük müharibə dövründə də bu murdar, iyrənc əməllərindən əl çəkmədi. Yenə də xristian "bacısını" müsəlman qardaşına qarşı silahlandırdı, Azərbaycan əsgərlərinin Araz çayı ətrafında qarşısını kəsdi. Əlbəttə ki, bu addımı cavabsız qalmadı və burnu əzildi. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə Azərbaycana qarşı açıq-aşkar intriqaya başladı və vaxtaşırı müxtəlif formalarda öz mənfur sifətini göstərdi. Tehranda yerləşən Azərbaycan səfirliyinə qarşı hücum bunun bariz nümunələrindən biridir. 2023-cü ilin yanvarında Tehran şəhərində yerləşən Azərbaycan Respublikasının İrandakı səfirliyi silahlı hücuma məruz qaldı. Həmin hücum zamanı səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak oldu, digər əməkdaşlar isə yaralandılar. Bu hadisə həm də diplomatik toxunulmazlığın kobud şəkildə pozulması idi. Daha da düşündürücü məqam isə hücum zamanı İranın təhlükəsizlik qüvvələrinin hadisəyə gec və passiv reaksiya verməsi oldu. Diplomatik nümayəndəliklərin qorunması hər bir dövlətin birbaşa öhdəliyidir və bu məsələ Vyana Diplomatik Münasibətlər Konvensiyası ilə də təsbit olunub. Molla rejimi nəinki qonşusuna, elə öz vətəndaşlarına qarşı da illərdir murdarlıq etməklə məşğuldur. Onları döyür, öldürür, vəhşilik edir, hüquq və azadlıqlarını məhdudlaşdırır. Məsələn, azərbaycanlı hüquq müdafiəçisi Əlirza Farşi yalnız ana dilində təhsil hüququnu müdafiə etdiyinə görə uzunmüddətli həbs cəzasına məhkum edilib və beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar. Bu fakt tək bir insanın taleyi deyil - bu, Cənubi Azərbaycanda yaşayan milyonlarla insanın qarşılaşdığı problemlərin simvoludur. Son illərdə İranda baş verən kütləvi etirazlar da göstərdi ki, cəmiyyət artıq ciddi dəyişiklik istəyir. Qadınların, gənclərin, tələbələrin və müxtəlif etnik qrupların iştirak etdiyi bu etirazların qarşısını hakimiyyət sərt şəkildə aldı. Rəsmi rəqəmlərə görə, minlərlə, qeyri-rəsmi rəqəmlərə görə, onminlərlə vətəndaşını qətlə yetirməkdən çəkinmədi. Tarix isə çox sadə bir həqiqəti göstərir: qorxu və repressiya üzərində qurulan sistemlər uzun müddət davam etmir. İnsanların dili, kimliyi və azadlıq istəyi heç vaxt tam susdurula bilmir. Bu gün artıq açıq görünür ki, İranda mövcud siyasi sistem ciddi böhran içindədir. Belə bir şəraitdə regionu gərginliyə sürükləmək heç bir problemi həll etmir. İranın gələcəyi yalnız bir yolla dəyişə bilər - demokratik idarəçilik qurulmalı, azsaylı xalqların hüquqları tanınmalı, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın dili və mədəniyyəti sərbəst şəkildə yaşamalıdır. Qonşularla münasibətlər isə təhdid və gərginlik üzərində deyil, hörmət və əməkdaşlıq üzərində qurulmalıdır. Əks halda tarix öz hökmünü verəcək. Qorxu, repressiya və zorakılıq üzərində qurulan molla rejimi gec-tez süquta uğrayacaq. İran xalqları azad və demokratik idarəçilik tələb edəcək, Cənubi Azərbaycandakı soydaşlarımız isə öz hüquqlarını daha ucadan bəyan edəcəklər. Çünki azadlıq istəyi heç bir rejimin divarları arasında əbədi həbs edilə bilməz.
Mənbə
oxu.az