Dünya
KİV: ABŞ İrana qarşı hərbi əməliyyatları 100 gün davam etdirə bilər
Amerika Birləşmiş Ştatları İrana qarşı ən azı 100 gün ərzində hərbi əməliyyat keçirməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" qəzeti Pentaqonun daxili sənədinə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələri Pentaqon rəhbərliyindən İrana qarşı əməliyyatlara ən azı 100 gün ərzində, ehtimal ki, sentyabr ayı da daxil olmaqla dəstək vermək üçün Tampadakı (Florida ştatı) komandanlığın qərargahına əlavə sayda hərbi kəşfiyyatçının göndərilməsini xahiş ediblər. Qəzet bu sorğunu ABŞ-nin İrana qarşı hərbi əməliyyatının Prezident Donald Tramp tərəfindən ilkin olaraq müəyyən edilmiş dörd həftəlik vaxt çərçivəsindən xeyli uzun çəkə biləcəyinə işarə kimi qiymətləndirir. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az