Dünya
Yaxın Şərqdəki münaqişə Avropa liderlərini üz-üzə qoydu
Yaxın Şərqdəki gərgin vəziyyət Avropa Komissiyasının lideri Ursula fon der Lyayenlə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında yeni konfliktin yaranmasına səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Adı açıqlanmayan bir Avropa rəsmisi nəşrə açıqlamasında qeyd edib: "Heç kəsə sirr deyil ki, fon der Lyayen və onun komandası Kallası hər zaman görməzdən gəlir. Bu yeni xəbər deyil". "Politico"nun digər mənbəyə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının prezidenti və Avropa diplomatiyasının rəhbəri ötən həftəsonundan, daha dəqiq desək, Yaxın Şərqdə münaqişə başlayandan ünsiyyət qurmayıblar. Mənbə iddia edir ki, Aİ-nin ortaq mövqeyi üzərində işləmək əvəzinə, Brüssel bürokratları kimin və hansı hüquqi əsasda danışmalı olduğuna diqqət yetiriblər. Adətən, beynəlxalq münasibətlərlə bağlı məsələlər Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən koordinasiya edilirdi. Lakin nəşrin qeyd etdiyi kimi, geosiyasi vəziyyət getdikcə Aİ-nin öz daxilindəki daxili proseslərə təsir göstərir. Bu da Aİ rəhbərini və digər komissarları getdikcə daha vacib rol oynamağa vadar edir: "Fon der Lyayen israr edir ki, siyasi qurum kimi yaradılan Yaxın Şərq, Şimali Afrika və Körfəz ölkələri üzrə Baş Direktorluq getdikcə birliyin xarici siyasətinə təsir göstərir. Brüssel bu addımı Avropa Xarici Fəaliyyət Xidmətinin təsirini zəiflətmək cəhdi kimi qiymətləndirir". Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Mənbə
oxu.az