Dünya
ABŞ və İsrail İranın cənub bölgəsinə zərbələr endirdi: SEPAH-ın itkiləri açıqlandı
ABŞ və İsrailin İranın cənubdakı Buşer bölgəsinə endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı beş üzvü həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb. Məlumata görə, ölənlər korpusun dəniz və hava qüvvələrində xidmət ediblər. Zərbələr əyalətin Deyer və Cam rayonlarına endirilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.
Mənbə
oxu.az