İdman
Kriştianu Ronaldu İspaniya futboluna qayıdır
Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu İspaniyada klub sahibi olub. Oxu.Az "The Touchline H." nəşrinə istinadən xəbər verir ki, Ronaldu İspaniya təmsilçisi "Almeriya"nın səhmlərinin 25 faizini satın alıb. Jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində Ronaldunun açıqlamasını paylaşıb: "Uzun müddətdir ki, futbolda yalnız meydanda deyil, onun hüdudlarından kənarda da təsir göstərmək arzusundayam. "Almeriya" güclü bünövrəyə və aydın inkişaf perspektivlərinə malik İspaniya klubudur. Komandanın tərəqqisinin növbəti mərhələsinə töhfə vermək məqsədilə rəhbərliklə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm". Qeyd edək ki, "Almeriya" hazırda İspaniya ikinci liqasının 2025/26 mövsümündə keçirdiyi 27 matçdan sonra 48 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Lider "Rasinq" isə eyni sayda oyundan sonra aktivindəki 50 xalla birinci yerdədir.
Mənbə
oxu.az