İdman
Emmanuel Addai karyerasının əsas hədəfini AÇIQLADI
"Qarabağ"ın qanalı yarımmüdafiəçisi Emmanuel Addai karyerasındakı əsas hədəfi barədə danışıb. Oxu.Az xəbər verir ki, futbolçu ən böyük arzusunun Qana millisində oynamaq olduğunu açıqlayıb. "Qananı təmsil etmək niyyətindəyəm, çünki vətənimi çox sevirəm. Uşaqlıq illərimdə yığmamızın final oyunlarında məğlubiyyətə uğradığının şahidi olmuşam. Mən xalqımıza qələbə sevinci bəxş etmək arzusundayam. İstəyim odur ki, sadəcə xaricdə top qovan bir futbolçu kimi deyil, Qana futbolu üçün önəmli işlər görmüş bir şəxs kimi yadda qalım. Hədəfim təkcə Avropada uğurlu karyera qurmaq yox, eyni zamanda Qana millisi ilə beynəlxalq səviyyədə uğurlara imza atmaqdır". 24 yaşlı futbolçu hələ Qana millisindən rəsmi dəvət almadığını qeyd edib: "Hələlik mənimlə əlaqə yaradılmayıb. Lakin inanıram ki, "Qarabağ"dakı performansımı diqqətdə saxlayırlar. Hər şeyin öz vaxtı var, buna görə də tələsməyə ehtiyac duymuram". Qeyd edək ki, Emmanuel Addai 2024-cü ildən "Qarabağ"da çıxış edir. Bu mövsüm "Qarabağ"ın heyətində Misli Premyer Liqasında 19 oyunda iştirak edən futbolçu üç qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az