İdman

Qurban Qurbanov: "İngiltərə klublarına qarşı oyunlar bizim üçün böyük təcrübə oldu"

25 Feb 2026, 03:10 1 baxış
Qurban Qurbanov: "İngiltərə klublarına qarşı oyunlar bizim üçün böyük təcrübə oldu"
"Qrup mərhələsində keçirdiyimiz hər oyun bizim üçün böyük təcrübə oldu". Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Nyukasl Yunayted" - "Qarabağ" (3:2) oyunundan sonra mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, Liqa mərhələsində fərqli oyun sisteminə malik böyük klublara qarşı mübarizə aparıblar: "Ancaq bizim üçün ən böyük təcrübə İngiltərə klublarına qarşı oyunlar oldu. İngilis futbolu Avropada fərqlənir. Əlbəttə, daha yaxşı oyunlar keçirməyimizi istərdim. Lakin düşünürəm ki, özümüzü mümkün qədər yaxşı tərəfdən göstərməyi bacardıq. Futbolçular fiziki və psixoloji baxımdan çox yoruldular. Buna baxmayaraq, qarşımıza qoyduğumuz məqsəd maksimum irəli getməkdir. Qısa müddətdə toparlanmalı və daha uğurlu nəticələr üçün çalışmalıyıq". Baş məşqçi "Nyukasl Yunayted"ə qarşı seçdiyi taktiki sxemə də toxunub: "Hər komandanın öz oyun sistemi var. Bizim əsas məqsədimiz öz oyun sistemimizi qorumaq və daha da inkişaf etdirməkdir. Lakin daha güclü rəqiblərlə qarşılaşdıqda müəyyən dəyişikliklər etməyə məcbur oluruq. Bu gün də rəqibin oyun üslubunu nəzərə alaraq beşli müdafiə sisteminə üstünlük verdik". Qurban Qurbanov Azərbaycan futbolunun inkişafını Avropa futbolu ilə müqayisə edib: "Bu gün elm hansı sürətlə inkişaf edirsə, futbol da o sürətlə inkişaf edir. Biz bir addım irəli gediriksə, Avropa klubları daha çox addım atırlar. Müasir futbolda hər epizod maksimum dəyərləndirilir. Bütün bunlara baxmayaraq, futbolçularım böyük qəhrəmanlıq göstərdilər. Biz hər zaman istənilən rəqibə qarşı cəsarətli futbol oynamağa çalışmışıq. Bəlkə də rəqiblər bu qədər cəsarətli olacağımızı gözləmirdilər. Həm klub, həm Azərbaycan futbolu, həm də azarkeşlər adına bu turnirdən böyük təcrübə qazandıq". Qeyd edək ki, iki oyunun ümumi nəticəsinə görə "Nyukasl Yunayted"ə 9:3 hesabı ilə məğlub olan "Qarabağ" turnirlə vidalaşıb. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər