Siyasət
Qapaz dəyməsə, düzəlmir...
Kubra Məhərrəmova yazır... Zorakılığa qarşı olan adamam. Sözlə başa salmağın tərəfdarıyam. Bəzən elə olur ki, sözlə başa salmaq olmur, məcbur olursan ki, ağzını-burnunu əzib, qol gücünə izah edəsən. Sonra da döyülən gedib "böyük qardaşına" şikayət edir ki, bəs filankəs məni döydü, "get, onu cəzalandır". Birincisi adam özünə güvənib davaya girər. İkincisi də "böyük qardaş" hesabına yaşamağa nə var ki? Dünənki hadisə barədə hamı yazdı. Hətta suyu bulandıran ermənilər belə paylaşdılar. Erməni səhifələrinin paylaşımı altındakı şərhləri monitorinq edəndə olduqca maraqlı şərhlərə rast gəldim: "Vardanyana azadlıq!" Deməli bu "etirazın" quyruğunun kimin əlində olması aydın görünür. Hadisələrin xronoloji ardıcıllığına nəzər salsaq, məntiqi nəticəyə asanlıqla gəlirik. Cey Di Vens Bakıya gəlir. Müəyyən razılıqlar əldə olunur. Tramp deyir ki, "Prezident Əliyev, əvvəl Azərbaycan adını deməkdə çətinlik çəkirdim. İndi bu adı deməyi sevirəm, gözəl addır". Rəsmi Bakı ilə Vaşinqton arasında heç vaxt olmayan dərəcədə işgüzar və isti münasibətlər inkişaf edir. Və bu ərəfədə "demokratiya aşiqləri", "no war"çılar küçələrə çıxıb hay-küy qaldırırlar. Gəlin bir az əvvələ, 2012-ci ilə - Bakıda "Avroviziya" musiqi müsabiqəsi keçirilən ərəfəyə qayıdaq. O vaxt Emin Hüseynov Azərbaycanda QHT sədri idi və həmin müsabiqəyə qarşı partnyorları ilə birlikdə etiraz aparırdı. Emin Hüseynov əvvəl bu etiraz kampaniyasına "Azad musiqi-qeyri-azad ölkə" şüarı ilə qoşulmuşdu. Lakin sonra özü dediyi kimi, Avropadakı tərəfdaşların xoşuna gəlmədiyi üçün adını dəyişib "Demokratiya naminə oxu" qoyur. Bunu da özü o vaxt fəaliyyət göstərən ANS-in "Açıq Söhbət" verilişində deyir: "Bu ifadənin "neqativ" səslənməsini istəmirik". Oxunuşu isə belədir: Emin Hüseynov, sizin Avropadakı tərəfdaşlarınız bu şüarı məqbul hesab etmirlər, təcili dəyişin. Yeri gəlmişkən, o zaman bu qəbildən qarayaxma kampaniyasını Leyla Yunus və digərləri də aparırdı. Onlardan biri də bu gün ABŞ-də yaşayan və Azərbaycana qarşı qeyri-sağlam münasibət göstərən, vaxtında Azərbaycanda bütün mümkün imkanlardan geninə-boluna bəhrələnən Sevinc Osmanqızıdır. "İnsan hüquqları naminə mübarizə" və bu qəbildən olan ifadələr qulağa hər nə qədər xoş gəlsə də, bunların arxasında müəyyən "tərəfdaşların" durmasını anlayırıq. Heç də təsadüfi deyil ki, Emin Hüseynovu Azərbaycandan İsveçrəyə aparmağa şəxsən İsveçrənin xarici işlər naziri Didye Burkhalter şəxsi təyyarəsi ilə gəlmişdi. Üstəlik Hüseynovun 200 000 AZN məbləğində vergi borcunu da ödəmişdi. Görəsən bu əliaçıq "jest"in səbəbi nədir? "Siyasi fəallar" niyə hansısa Qərb dövlətlərinin hökumət üvzləri üçün bu qədər dəyərli olurlar? Bəlkə etibar etdikləri və ya məlumat aldıqları agentlərdir? Ona görə təxliyə ediblər? Sadəcə sual yaranır ki, bu gün niyə "siyasi fəallar" aktivləşiblər? Ortada nə qədər pul var? Düşünürəm ki, bu gün rəqəm 200 000 manat olmaz. Qayıdaq dünən ABŞ-də baş verənlərə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edəndən sonra, Vaşinqtonda bir qrup təxribatçı onun qaldığı məkana daxil olmağa çalışıblar. Bunun alınmayacağını görəndən sonra onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndiriblər. Sonrasını da bilirsiniz. Dövlət Mühafizə Xidməti operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıb və mümkün insidentin qarşısını alıb. Əlləri dərd görməsin. Videolar internetə yayılan kimi "fəalları" ilk müdafiə edənlər Amerika Erməniləri Milli Komitəsi (ANCA) oldu. Bunu yazaq, bir kənara. İkinci üzə çıxan Azərbaycana qarşı mövqeyi ilə tanınan ermənipərəst senator Frenk Pallone oldu. İndi deyəcəksiniz ki, nə vaxt ermənipərəst oldu? Buyurun oxuyun: F.Pallone "907-ci düzəliş"in müəlliflərindən biri olub, Xocalı hadisələrini inkar edən, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına çağırışlar edən və vaxtilə işğal altında olmuş ərazilərə səfər edən şəxs kimi tanınır. Görünür həm senatorun, həm də "fəalların" çörəyi eyni yerdən çıxır ki, belə bir-birinə dəstəkdirlər. Bir azdan Nensi nənə də gələr, yəqin hələ yatıb. Amma inanmıram "fəallar" ancaq qərbdən, ermənilərdən pul alsın. Başçıları hər kimdirsə, biznes beyni yaxşı işləyir. Düşünürəm ki, onlar Rusiyanın xüsusi xidmət orqanlarından da qrant alarlar. Bu gün başı Ukraynaya qarışan Moskva heç cürə Cənubi Qafqazın "ikibaşlı" qartalın caynağından çıxmasını həzm edə bilmir. Ələlxüsus da Azərbaycanı həzm edə bilmir. Balaca bir qeyd edim ki, Vitse-prezident Vens Bakıya səfər zamanı ABŞ-nin Azərbaycanın Xəzər dənizi sahil mühafizəsini gücləndirmək üçün yeni patrul katerləri göndərəcəyini açıqlayıb. Aydın məsələdir ki, Azərbaycanın Xəzər dənizi sahil mühafizəsi deyəndə Türkmənistandan özünü qorumayacaq. Əsas təhlükə şimaldan qaynaqlanır. İndi bu dəmdə yadımıza Əlağa Vahidin "Tutalım əsrimizin həzrəti İsası mənəm, Bu soxa-soxda nə möcüzə icad eləyim?" beyti yada düşür. Bir şey icad edə bilməyib, ortaya köhnə və çeynənilmiş "fəalları" atırlar. Onlarda yedikləri hər şillə-qapaza görə əlavə bonus alırlar, ata canı qəşəng biznesdir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər