Kriminal
İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs olundu
İki nəfərin ölümü ilə nəticələnən avtoqəza törədən Sultan Sultanlının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhim yeddi il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, dövlət ittihamçısı S.Sultanlının beş il sürücülük hüququndan məhrum edilməklə doqquz il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, hadisə ötən ilin aprelində qeydə alınıb. Belə ki, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində bir-biri ilə əks istiqamətdə hərəkət edən iki avtomobil - Ramin İmambaxış oğlu Məlikovun idarə etdiyi "Lada" markalı 90-VM-038 dövlət qeydiyyat nişanlı və Sultan Rafael oğlu Sultanlının sükanı arxasında olduğu "Hyundai" markalı 99-CY-072 dövlət qeydiyyat nişanlı maşınlar toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlər - Hacıalı Adil oğlu Rüstəmov və Vəsfiyyə Yasin qızı Məlikova aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Hər iki sürücü, həmçinin avtomobillərdə olan digər sərnişinlər Tural Tofiq oğlu Hüseynov, Adəm Azər oğlu Mirzəyev, Ramal Ramin oğlu Məlikov və Həsən Ceyhun oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Fakta üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlayıb, S.Sultanlı təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq müddətində onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Elgün Həsənli
Mənbə
oxu.az